“Ailəmizdə belə bir söhbət dolaşır və anam and içir ki, danışılanlar həqiqətdi. Deməli, 1981-ci il, mədənçi şəhərciyi – Tuilya, anam hamilə olduğunu öyrənir. Əvvəlcə atam doğrudan da bacıma oyun yoldaşı olacaq qız arzusunda idi. Ancaq həkimdən oğlan olacağını öyrənəndə emosiyaların təsirindən atamın ağzından çıxan ilk sözlər belə olub: “Oğlan! Balaca futbolçum gəlir”.
Atam üçün önəmli an idi, çünki balaca bir otaqda anam və bacımla birlikdə yaşayırdı və hər ikisi onunla futbol haqda danışmaqda maraqlı deyildi. Belə deyək: təklənmişdi, partnyora ehtiyacı var idi.
Yəqin ki, həkimin ofisindəcə artıq məşq sessiyalarımın planını qururdu. Danışılanlar sizə qəribə gəlməsin deyə, atamın yaşadığı çətinliklərlə dolu həyat barədə fikir sahibi olmalısız. Tuilyadakı bir çox kişi kimi, o da şəhərciyin əsas “dayağ”ı – kömür mədənində çalışırdı. Ailəmizin bütün ehtiyaclarını qarşılamaqdan ötrü bütün gecə 800 m. dərinlikdə dayanmadan işləyərdi. Olduqca çətin və təhlükəli iş idi.
Bir dəfə - mən uşaq olanda mədəndə yanğın baş vermişdi. Səhər yuxudan duranda canını güc-bəla qurtardığını öyrənmişdik. Yadımdadı, evə gəldikdən sonra necə xilas olduğunu, kimlərin yardım etdiyindən danışırdı. Ancaq bəzi mədənçilər onun qədər şanslı deyildilər; günlərlə orda qalanlar oldu, hətta təəssüf ki, bəziləri heç vaxt mədəndən çıxa bilmədilər.
Atam ailəsini dolandırmaq üçün həyatını riskə atırdı. O, mənim üçün daha yaxşı həyat arzulayırdı. O olmasa, heç vaxt “Valensiya”da, “Barselona”da, “Atletiko”da oynaya bilməzdim. Heç vaxt dünya çempionatını qazana bilməzdim və ya “Nyu-York Siti”də olmazdım. Hər şey bir qırağa, o olmasa, heç əməlli-başlı yeriyə də bilməzdim. Bəlkə də, sizə zarafat kimi gəlir, ancaq bu, doğrudu: atam olmasa, ayaqlarımdan biri digərindən daha qısa olacaqdı. Bu hekayəyə isə daha sonra qayıdacağıq”.
(ardı var)
Rüfət MƏCİD, apasport.az