[b]İki oyuna iki “dubl”, rekord və yubiley qolu: Bəstəboy qayıdır[/b]
24.07.2018 - 00:49
[b]İki oyuna iki “dubl”, rekord və yubiley qolu: Bəstəboy qayıdır[/b]

Hücumçu axtarışlarını davam etdirən “Qarabağ” keçmiş oyunçusunda qərar qılıb. Apasport.az saytına daxil olan məlumata görə, ağdamlılar isveçrəli İnnosent Emeqaranı yenidən heyətinə cəlb edib.

 

Hələlik keçid rəsmən açıqlanmasa da, transferi baş tutmuş hesab etmək olar.

 

4 il əvvəl ölkəmizdə çıxış etmiş Emeqara qısa müddətdə olsa da, oyunu ilə diqqət çəkə bilmişdi. 2014/15 mövsümünün əvvəlində “Qarabağ”a qoşulan forvard ilk matçına “Qəbələ” qarşısında çıxıb. 2014-cü ilin 7 oktyabrında “Qarabağ”ın 2:0 hesabı ilə qələbə qazandığı görüşünün 67-ci dəqiqəsində Riçard Almeydanın yerinə meydana girən Emeqara debütündə fərqlənə bilməyib.

 

İlk qolunu debütündən 19 gün sonra “Xəzər Lənkəran”la matçda vuran bəstəboy forvard ağdamlıların 3:2 hesablı qələbəsinə dublla töhvə verib.

 

Qısamüddətli Azərbaycan karyerasına ümumilikdə 5 qol sığdıran isveçrəli Premyer Liqadakı növbəti iki qoluna da eyni matçda imza atıb. O, “Bakı” ilə 4:2 hesabı ilə başa çatan görüşdə paytaxt təmsilçisini iki dəfə məyus edib. Bunu 15 dəqiqədə bacarmış oyunçu həm də ən tez dubla imza atan oyunçu kimi Azərbaycan futbol tarixinə düşüb.

 

İnnosent Emeqara Azərbaycan Kuboku oyunlarında da qol sevinci yaşayıb. MOİK-lə 1/8 final görüşündə hesabı açan oyunçu 4:0-lıq darmadağının əsasını qoyub. Bu, həm də, “köhlən atlar”ın ölkə kubokunda yubiley – 200-cü qolu olub.

 

“Qarabağ”dakı son oyununa 7 dekabr 2014-cü ildə çıxan Emeqara “Neftçi” ilə qolsuz bərabərliklə yekunlaşan matçdan sonra Azərbaycan karyerasının ilk mərhələsinə yekun vurub.

 

Qeyd edək ki, “Qarabağ”dan sonra ABŞ və Kiprdə futbol oynamış hücumçunun ölkəmizdə vurduğu bir qol da “Araz Naxçıvan”ın çempionatı tərk etməsindən sonra ləğv edilmişdi.

 

Zaur XUDİYEV