İtalyanlardan İsrailə tarixi etiraz – Himn zamanı görün nə etdilər
10.09.2024 - 12:53
İtalyanlardan İsrailə tarixi etiraz – Himn zamanı görün nə etdilər

UEFA Millətlər Liqasının 2-ci turunda İsrail - İtaliya ilə üz-üzə gəlib. 

Apasport.az xəbər verir ki, İsraildəki təhlükəsizlik riski səbəbiylə Macarıstanın paytaxtı Budapeştdə keçirilən və İsrailin ev sahibi sayıldığı matçın əvvəlində qeyri-adi etiraz aksiyası baş tutub.

Belə ki, matç başlamazdan əvvəl təşkil olunan mərasimdə İsrail himni səsləndirilərkən təxminən 50 nəfərlik italyan azarkeş arxalarını meydana çevirərək etiraz ediblər. İtaliyalı fanatların İsrail himninə qarşı bu etirazı sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

İsrailin Qəzzaya hücumlarını xatırladan bəzi sosial media istifadəçiləri italyan azarkeşlərin bu etirazını yüksək qiymətləndirib. Bəziləri isə arxa çevirənlərin faşist olduğunu iddia edərək bu etirazı pisləyiblər.

Açılışı etirazla başlayan qarşılaşmada İtaliya rəqibini 2:1 hesabı ilə məğlub edərək 3 xal qazanıb. İtaliya ilə İsrail arasında növbəti oyunun oktyabrın 14-də İtaliyanın Udine şəhərində keçirilməsi planlaşdırılır. 

Mətbuatda çıxan xəbərlərə görə, Udine bələdiyyəsinin bu matça ev sahibliyi etmək istəmədiyi bildirilib. 

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından etibarən İtaliyada tez-tez İsrailin Qəzzaya və fələstinlilərə qarşı hücumlarına etiraz olaraq nümayişlər keçirilir.

0