[b]“Keşlə”ni qəbul edəndə...” – Yuri Maksimov [/b]
12.06.2018 - 10:20
[b]“Keşlə”ni qəbul edəndə...” – Yuri Maksimov

[/b]

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov ölkəsi Ukraynada “komanda1” nəşrinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən mövsümdəki çıxışı dəyərləndirən mütəxəssis gələn mövsümün hədəflərindən də danışıb.

 

- Mövsüm başa çatıb və “Keşlə” ilə müqavilə müddətiniz bitib. Bu klubda çalışmaqda davam edəcəksiniz?

- Bəli. Hələ çempionatın sonuna bir ay qalmış klub prezidenti mənə komandada qalmağı təklif etmişdi. Bütün məsələləri müzakirə etdik, qarşılıqlı anlaşdıq. Ortaq məxrəcə gəldik və “Keşlə”də qalmaq qərarını verdim.

 

- İstirahətdən sonra Azərbaycana nə vaxt gedəcəksiniz?

- İyunun 20-də. Bundan sonra klubla müqavilə müddətini rəsmən yeniləyəcəm.

 

- Yəni sizin klubdakı taleyiniz Roman Qriqorçuklu “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdiyiniz Azərbaycan kubokunun final matçından asılı deyildi?

- Bəli, danışıq öncədən olduğu üçün kubokun final görüşünün ciddi bir təsiri olmayacaqdı. Əlbəttə ki, kuboku qazanmaq istəyirdik. Həlledici oyuna çıxdıq və qalib gəldik.

 

- Mətbuat həmin qarşılaşmaya “Ukrayna qarşıdurması” gözü ilə yanaşmırdı?

- Xeyr. İlk növbədə “Keşlə” ilə “Qəbələ” öz aralarında yarışırdılar. Şəxsən mən finaldan əvvəl məsələyə iki ukraynalı arasındakı derbi kimi baxmırdım.

 

- Azərbaycan kubokunu qazanmaq məşqçilik karyeranızın ən böyük zəfəridi?

-  Niyə ki? “Mordoviya” ilə Rusiya Premyer Liqasına vəsiqə qazanmaq da var. Mənim fikrimcə, Rusiya birinci liqasının səviyyəsi yüksək idi və bu yarışın qalibi olmaq asan deyildi.

 

- Hansı fakt “Keşlə”də qalmaqla bağlı qərar verməyinizə səbəb oldu?

- Hər şeydən əvvəl bu komandada perspektiv gördüm. Futbolçular da yerlərində saymırdılar, öz üzərlərində işləyir, inkişaf edirdilər. Bundan əlavə, “Keşlə” Avropa Liqasında oynamaq hüququ qazandı. Bu, gənc komandamız üçün böyük çağırış idi. Bütün bu faktlar Azərbaycanda qalmaq qərarıma təsir etdi.

 

- Görmək istədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt lazımdı?

- Bu proses davam edir. Komanda əslində bir neçə ay əvvəl yaradılıb. “Keşlə”ni istədiyim səviyyədə görmək üçün təxminən 4 əcnəbi futbolçu ilə güclənməliyik. Həmçinin bir neçə yerli oyunçu dəvət edilməlidi.

 

- Ötən mövsüm Azərbaycan çempionatında 6-cı yeri tutdunuz. Bu, komandanın maksimumu idi?

- Qışda komandanı qəbul edəndə təhlükəli zonada qərarlaşmışdı və yaşamaq üçün mübarizə aparırdı. Buna görə də, 6-cı yeri müsbət nəticə kimi qəbul etmək olar. Mövsümün ikinci yarısında layiqli mübarizə apardıq və ən çox xal toplayan ilk üç komandadan biri olduq.

 

- Yeni mövsümdə “Keşlə”nin hədəfləri olacaqmı?

- Əlbəttə. Sərgilədiyimiz oyun bizə ümid verdi və daha yüksək yerlər uğrunda mübarizə aparmaq perspektivini gördük. Bunun üçün də çalışacağıq.