Millimizin Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünü idarə edəcək Denis Şerbakov Azərbaycan üçün kifayət qədər tanış simadı. Apasport.az saytının məlumatına görə, belaruslu referinin rolu bir neçə dəfə komandalarımızla kəsişib.
2012-ci ildən beynəlxalq dərəcəli referi kimi oyunlara təyinat alan Şerbakov ilk dəfə 2014-15 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsi matçı üçün Bakıya səfər edib. Həmin vaxt iyulun 17-də “Neftçi” – “Koper” qarşılaşmasında ədalət təmsilçisi olan 40 yaşlı referi təmsilçimizin 1:2 hesablı məğlubiyyətinə şahidlik edib. Hazırda millimizin formasını geyinən Araz Abdullayev 45+1-ci dəqiqədə hesab arasındakı fərqi azaltmışdı.
Belaruslu növbəti il yenidən Azərbaycana yollanmalı olub. Bu dəfə 21 yaşadək futbolçuların rəsmi oyunu üçün. Belə ki, onun briqadası sentyabrın 4-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan – Avstriya matçında fit çalıb. Bu dəfə də təmsilçimiz meydanı məğlub tərk edib – 0:2. Avstriyalılar ilk qolu penaltidən vurublar.
Şerbakovun Bakıya 3-cü səfəri bizim üçün düşərli olub. O, 2016-17 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” – “Samtrediya” görüşünü idarə edib. Həmin vaxt qrup mərhələsinə qədər irəliləyən “Qəbələ” ilk matçında Gürcüstan klubunu 5:1 hesabı ilə üstələməyi bacarıb.
Bundan başqa, Denis Şerbakov 2014-15 mövsümündə Avropa Liqasının qrup mərhələsində “İnter” – “Qarabağ” (2:0) görüşündə əlavə köməkçi hakim, 2016-17 mövsümündə Avropa Liqasının pley-off mərhələsində baş tutan “Qəbələ” – “Maribor” (3:1) qarşılaşmasında isə 4-cü hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, Latviya – Azərbaycan oyunu iyunun 9-da Riqada keçiriləcək.