Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ı qəbul edəcək “Kukesi”nin təxmini “11-liy”i açıqlanıb. Apasport.az-ın yerli panorama.com.al saytına istinadən məlumatına görə, baş məşqçi Armando Kunqu komandanı fərqli sistemlə meydana çıxarmağa hazırlaşır.
Əvvəlki mərhələdə “Valletta” ilə görüşlərdə 4-5-1 taktikasına üstünlük verən 45 yaşlı mütəxəssis “Qarabağ” önündə müdafiəni gücləndirəcək. Belə ki, həmkarlarımızın iddiasına görə, Kunqu 5-li müdafiə taktikasına üstünlük verəcək. Məqsəd ilk qarşılaşmada rəqibi qapıdan uzaq tutmaq və qol buraxmamaqdı.
Çərçivə əsas qapıçı Stivi Fraşeriyə etibar ediləcək. Medafinin mərkəzindəki 3-lünün İlli Şameti - Albi Alla - Harallamb Qaqi olması gözlənilir. Sol və sağ cinahda müvafiq olaraq Simo Rumbullaku ilə Edis Maliki yer almalıdı.
Çalışdırıcı yarımmüdafiədəki oyunçuların da müdafiəyəmeylli olmasına önəm verəcək. Belə ki, nisbətən arxa xəttə daha çox kömək etməklə tanınan Besar Musolli ilə İrakli Zarianın orta sahədə yer alması proqnozlaşdırılır. Vangel Zquronun cəzalı olması ucbatından cinah müdafiəçisi Villiam Kordeyro Melo yarımmüdafiənin solunda mübarizə aparacaq. Əks cinahda isə Arber Çirbya ilk dəqiqələrdən meydana çıxacaq.
Yeganə hücumçu yenə Sebino Plaku olacaq. Kunqu irəlidə məhz Çirbya ilə Plakunun bacarığına güvənəcək.
6 müdafiəçini start heyətində meydana buraxmağı düşünən çalışdırıcını ən çox narahat edən məqam ehtiyat qüvvədi. Çünki belədə ehtiyatda cəmi 1 müdafiəçi – Rüstəm Noxa qalacaq ki, bu da matçın gedişində albanları çətin duruma sala bilər.
Qeyd edək ki, bu gün Şkoderin “Loro Boriçi” stadionunda keçiriləcək “Kukesi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:00-da start götürəcək.