Təlim-məşq toplanışı çərçivəsində dünən son yoldaşlıq görüşünü keçirən Azərbaycan millisi səfərdə Latviya üzərində 3:1 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamız 4-cü dəfə üz-üzə gəldiyi latışlara yenə məğlub olmayıb.
Ardıcıl 3 bərabərlikdən sonra əldə edilən qalibiyyətlə Qurban Qurbanovun yetirmələri rekordu təkrarlayıb. Belə ki, Latviya komandamızın ən azı 4 dəfə üz-üzə gəlib, uduzmadığı rəqiblər sırasına qoşulub.
Dünənki rəqibə qədər millimiz 2 komanda üçün məğlubedilməz idi. Bir neçə gün əvvəl Bakıda 3:0 hesabı ilə üstələdiyimiz Qırğızıstanla baş tutan 4 matçın 3-də qələbə qazanıb, 1-də bərabərə qalmışıq. Andorrayla isə 5 dəfə üz-üzə gəlmişik. Millimiz bunun 4-də heç-heçəyə razılaşıbsa, 1 dəfə meydanı qalib tərk edib.
Bir sözlə, Latviya yığmamız üçün 3 münasib rəqibdən biridi.