İngiltərənin və dünyanın nəhəng klublarından olan “Mançester Yunayted” yeni transferini reallaşdırıb. “Qırmızı şeytanlar” portuqaliyalı gənc istedad Diogo Dalotu heyətinə cəlb edib. “Porto”dan transfer edilən 19 yaşlı müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatının yaydığı məlumata görə, “Mançester Yunayted” sağ cinah müdafiəçisi üçün Portuqaliya klubuna 19 milyon funt sterlinq ödəyəcək. Portuqaliyanın aşağı yaş qruplarından ibarət bütün yığmalarında forma geyinib. Ötən mövsümü “Portu”da keçirən gənc oyunçusu “B” komandasında 23, əsas heyətdə isə 6 dəfə meydana çıxıb. Diogo Dalotun karyerasının ən parlaq dövrü ölkəmizlə bağlıdı.
Belə ki, 2016-cı ildə mayın 5-dən 21-dək Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa Çempionatı Diogo üçün daha düşərli olub. Hələ 17 yaşındaykən diqqətləri üzərinə çəkməyi bacaran gənc oyunçunun komandasının Avropa çempionu olmasında əməyi danılmazdı.
UEFA U-17 Avropa çempionatının açılış oyununda yığmamıza və qrupun ikinci matçında Şotlandiyaya qarşı oynayıb. Qrupun son oyununda Belçika ilə görüşdə baş məşqçi Helio Souza gənc müdafiəçiyə istirahət verib. 1/4 finalda Avstriya və yarımfinal oyununda Hollandiya seçmə qarşı əvəzolunmadan meydanda olub. Sağ cinah müdafiəçi yarımfinalda Hollandiyaya, mayın 21-də Dalğa Arenada baş tutan final görüşündə isə İspaniyanın qapısına yol tapmağı bacarıb.
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo gənc oyunçu haqda yüksək fikirdədir: “Diogo klubumuzun üçün bir çox özəlliyə sahib gənc oyunçudu. Bir müdafiəçi üçün lazım olan özəlliklər – fiziki güc, texniki və taktiki hazırlıq var. Öz yaş qrupunda ən yaxşılardan biridir. Onun “Mançester Yunayted”də parlaq gələcəyinin olacağına inanıram”.
Dalot özü isə transferi ilə bağlı bunları deyib: “Futbolçu kimi yetişməyimdə əməyi olan “Portu” Akademiyasına təşəkkürümü bildirərəm. Dünyanın ən böyük klubuna transfer olunmaq mənim üçün əla fürsətdi. Joze Mourinyo kimi məşqçi ilə çalışmaq üçün çox darıxıram. Heyətdəki möhtəşəm futbolçularla birlikdə oynamağı həyəcanla gözləyirəm”.