Milli komandamız Qurban Qurbanovun rəhbərliyi altında ilk böyük hesablı məğlubiyyətini aldı. Apasport.az saytının məlumatına görə, yığmamız Astanada keçirdiyi yoldaşlıq görüşündə Qazaxıstana məğlub oldu – 0:3.
Hadisələri qabaqlayaraq, təəssüflə demək lazımdı ki, nəticə məhz oyuna görə oldu. Komandamızın ifasında son vaxtların ən zəif çıxışlarından birini izlədik. Qurban Qurbanovun da dediyi kimi, millimiz dünən ilk 20 dəqiqədəki oyunla rəqibinə uduzdu. Qazaxların ön xətdə güclü pressinqi komandamızı çaş-baş saldı, müdafiədən çıxmağa imkan vermədi. Xüsusən də, cinahlarımız iflic vəziyyətdə idi. Erkən qol “gəlirəm” deyirdi, bir yox, iki qol gəldi. Sağ və sol cinahdan aramsız həmlələr edən ev sahiblərinin həm yerlə, həm də hava ilə ötürmələri qapımız qarşısında təhlükəli vəziyyətin yaranması ilə nəticələnirdi.
Cinah müdafiəçiləri ilə yarımmüdafiəçiləri arasında anlaşma sıfıra bərabər idi. Oyunçular nə müdafiə olunanda, nə də hücuma çıxanda bir-birilərinə lazımi dəstəyi verə bilirdilər.
Erkən qollardan sonra qazaxlar sakitləşdilər, ancaq ümumilikdə birinci hissə bizim üçün bərbad alındı. Fasilədən dərhal sonra Qurbanovun iki əvəzetməsi vəziyyəti dəyişdi. Millimiz oyunu bərabərləşdirdi, hətta topa nəzarəti ələ keçirdi. Lakin futbolçularımız yalnız bununla kifayətlənirdilər. Nə təhlükəli hücumlar etmək, nə də rəqib qapıçısını ciddi şəkildə narahat etmək mümkün olurdu. Hissənin gedişində ardıcıl əvəzləmələr tempin daha da aşağı düşməsinə yol açdı. İkinci hissədə qapımız qarşısına yaxınlaşmaqda çətinlik çəkən qazaxlar son dəqiqələrdə əks-hücumu məntiqi sonluğa çatdıraraq böyük hesabla qalib gəldilər.
Komanda şəklində zəif çıxış edən yığmanın futbolçularını tək-tək dəyərləndirdiyimiz zaman da vəziyyətin ürəkaçan olmadığını görürük.
Kamran Ağayev – 3 qol buraxmasına baxmayaraq, komandanın ən məsumu Kamran idi. Buraxılan topların hansındasa onu günahlandırmaq ədalətsizlik olar.
Maksim Medvedev – Mərkəzdə Ruslan Abışovla anlaşma problemi yaşadığı açıq-aşkar görünürdü. Cinahdakıların zəif çıxışı da onların yükünü artırmış, əlavə təzyiq yaratmışdı. Buraxılan birinci qolda məhz Medvedev rəqibə hava mübarizəsində uduzdu.
Ruslan Abışov – Bəzi anlarda yanlış yer seçimi və ləng hərəkət etməsi həyəcana səbəb olurdu. Qazaxların ikinci qolunda rəqibin oyunçusu məhz Abışovu qabaqlayaraq topu rahatladı və toru silkələdi. Hərçənd, həmin qolda təkcə Ruslanı deyil, ən azı daha 4 futbolçunu (Araz Abdullayev, İlqar Qurbanov, Maksim Medvedev, Qara Qarayev) günahlandırmaq olar.
Təmkin Xəlilzadə - Sol cinahda o qədər də etibarlı deyildi. Birinci hissədə rəqib hücumlarının qarşısında aciz qalırdı. Fasilədən sonra üstünlük yığmamızın tərəfinə keçdiyindən, rəqib üzərinə gəlmirdi. Ancaq müdafiəyə çəkilən qazaxlara qarşı cinahdan hücuma lazımi dəstəyi də verə bilmirdi.
İlqar Qurbanov – Matçın ən zəiflərindən idi, onun cinahı rəqib üçün boş dəhlizə çevrilmişdi. Ev sahibləri də bunu yaxşı görürdülər. Buraxılan ikinci topda məhz Qurbanovun yerini itirməsi səhvlər zəncirinin başlanğıcı idi. Belədə Maksim onun yerinə çəkildi, Ruslan isə mərkəzdə tək qaldı. Zəif oyunun nəticəsində fasilədən dərhal sonra əvəzləndi.
Qara Qarayev – Rəqib cinah həmlələrinə üstünlük verdiyindən, bu baxımdan çətinlik çəkmirdi. Ancaq cinahlara lazımi köməyi etmirdi. Qazaxlar tez-tez penalti nöqtəsi yaxınlığına yerlə ötürmə verdiklərindən, burda iş Qaraya düşürdü. Lakin o, əksər vaxtlar öndə qalır, cərimə meydanına girməkdə gecikirdi. Yalnız Coşqun Diniyev meydana daxil olduqdan sonra Qarayev rahat oynamağa başladı.
Cavid Hüseynov – Meydanda qaldığı 63 dəqiqə ərzində heç nə ortaya qoya bilmədi. Nə müdafiəyə, nə də hücuma kömək edə bilirdi.
Dimitri Nazarov – Pleymeyker mövqeyində yer alsa da, daha çox geridən oynayırdı. Çünki komandamız ilk yarıda müdafiədən çıxa bilmirdi. Belədə Nazarov nə hücumu, nə də cinahları oyuna qoşa bilirdi. Ümumilikdə onu da ən “zəif bənd”lər arasında göstərmək olar.
Araz Abdullayev – İlk dəqiqələrdə nisbətən fəal görünsə də, keyfiyyət dərəcəsi aşağı idi. Daha çox müdafiəyə kömək etməli olurdu. Hücumlar zamanı isə nədənsə, cinahdan mərkəzə doğru meyllənmir, düz irəliləyib “asma” etməklə işini bitirmiş sayırdı.
Mahir Mədətov – Onun da günü deyildi. Buraxılan ilk qolda Mədətov gərəksiz yerə kobudluq edərək, rəqibə cərimə zərbəsi qazandırdı. Sol cinahdan onun ifasında təhlükəli hücumlar görmürdük. İkinci hissədə Namiq Ələsgərov meydana daxil olduqdan sonra Mədətov sağa keçdi. Amma orda da heç nə ilə yadda qalmadı.
Ruslan Qurbanov – Hücumda tək qalmışdı. İlk yarıda bütün komanda rəqibi geridən qəbul etdiyi üçün Qurbanov mərkəzə qədər çəkilmişdi. Əks-hücumlar zamanı da bəzən irəlidə yalnız olurdu. Fasilədən sonra millimiz daha çox hücuma aludə olsa da, Qurbanov artıq yorulmuşdu. Klubunda müntəzəm oynamadığı üçün fiziki cəhətdən çatdırmadığı aşkar görünürdü.
Coşqun Diniyev (46-cı dəqiqədə meydana daxil olub) - Oyuna yaxşı qoşuldu. Hətta girər-girməz təhlükəli hücumda baş rolu ifa etdi. Həm rəqibdən top almaq, həm də hücum qurmaq baxımından uğurlu idi.
Ürfan Abbasov (46) – İlqar Qurbanovdan sonra sağ cinahdakı boşluğu doldurdu. Üstəlik, hücuma da kömək edir, cinah ötürmələri verirdi.
Namiq Ələsgərov (63) – Mübarizəyə fəal qoşulmasına, sol cinahdan sürəti hesabına nəsə etməyə çalışmasına baxmayaraq, getdikcə o da “yoxa çıxdı”.
Cavid İmamverdiyev (63) – Son yarım saatda hücumçunu və cinahları “işlətmək” vəzifəsi ona tapşırılmışdı. Lakin bu tapşırığın öhdəsindən gələ bilmədi.
Ramil Şeydayev (72) – Ruslan Qurbanov yenə ora-bura qaçmaqla rəqib müdafəçilərinə rahat oyun qurmaq imkanı vermirdi. Şeydayev isə meydana vaxt “öldürmək” üçün çıxmışdı.
Rahil Məmmədov (73) – O da komanda yoldaşları kimi, meydanda olduğu dəqiqələrdə əlahiddə bir şey etmədi. Mövqeyi baxımından edə də bilməzdi.
Ruslan SADIQOV