Avropa Liqasındakı uğursuz çıxışdan sonra Yuri Maksimovla yollarını ayıran “Keşlə” baş məşqçi axtarışlarını davam etdirir. Bu barədə apasport.az saytına açıqlamasında paytaxt klubunun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.
O bildirib ki, siyahıda adı olan mütəxəssislərin namizədliyi rəhbərlik tərəfindən müzakirə edilir. Yeni çalışdırıcının əcnəbi olması da istisna deyil: “Siyahımızda həm yerli, həm də əcnəbi məşqçilərin adları var. Yaxın günlərdə yeni baş məşqçini müəyyənləşdirməyə çalışacağıq”.
Malıyev komandanın lideri Sezar Meza Kolli ilə yaxın günlərdə yollarını ayırma ehtimalının olduğunu da gizlətməyib. O, Paraqvay əsilli yarımmüdafiəçinin Rumıniya klubu “Universitatya”dan təklif aldığını vurğulayıb: “Bəli, həmin klubdan təklif var. Sezar isə bizimlə müqavilə müddətini daha 1 il uzadıb. Hazırda bu məsələni futbolçu ilə müzakirə edirik. Təbii ki, onun qalmasını istəyirik. Lakin Sezar getməkdə israrlı olsa, o zaman burda saxlamaq doğru olmaz”.
“Qarabağ”dan ayrılan müdafiəçi Elvin Yunuszadə ilə maraqlanmadıqlarını əlavə edən icraçı direktor transfer çalışmalarını yekunlaşdırdıqlarını deyib: “Müdafiə xəttində problem yoxdu. Ümumiyyətlə, komanda, demək olar ki, formalaşıb. Transfer məsələsi Sezar Meza Kollidən asılı olacaq. Əgər o getsə, yerinə bir oyunçu gətirməli olacağıq. Fikrimcə, digər mövqelərdə hər şey qaydasındadı”.