AFFA Məşqçilər Komitəsinin üzvü, veteran mütəxəssis Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Sabiq komandanız “Neftçi” yeni baş məşqçisinin adını açıqlayıb. Təcrübəli mütəxəssis kimi, bu təyinata münasibətiniz necədi?
- Kimi gətiriblər?
- İtaliyalı Roberto Bordini...
- İtalyan məşqçi?
- Sizcə, bu təyinat “Neftçi”yə, Azərbaycan futboluna nə qazandıra bilər?
- Bəzi məsələləri “Neftçi” rəhbərliyindən soruşsanız daha yaxşı olar. Şəxsən mən o məşqçini tanımıram. Ümumiyyətlə, maliyyənin sıxlaşdığı bir vaxtda, xüsusən də, yerli futbolçulara güvənmək baxımından öz məşqçilərimiz daha məqsədəuyğun olardı. Ancaq “Neftçi”nin öz rəhbərliyi var, klubu onlar idarə edir, qərarları özləri verirlər. “Neftçi”yə yalnız uğurlar arzulaya bilərəm. Amma problem ondadı ki, indiyə qədər Azərbaycana gələn əcnəbi mütəxəssislərin heç biri akademiya ilə sıx əlaqə qurmayıb.
- Qarşısına hədəf qoyulan əcnəbi mütəxəssis üçün akademiya ilə əlaqə nə dərəcədə maraqlıdı?
- Əcnəbilərə bu maraqlı deyil. Çünki klubla müqavilə bağlayır və buna uyğun iş görür. Müqavilədə də birinci komandadan məsuliyyət daşıdığı yazılır. Hətta əcnəbi məşqçilərlə bağlı təhlil aparmışam. Bəzi əcnəbilər gəlib, Azərbaycanda məşqçi olub. Məndə siyahı da var. Sadəcə, adlarını çəkmək, həmkarlarım barədə pis fikir bildirmək istəmirəm. Ancaq vicdanla çalışmaq lazımdı. Düşünməlisən ki, əziyyət çəkmək, akademiyanın uşaqları ilə də məşğul olmaq lazımdı. Yalnız bu halda əcnəbi məşqçiyə əla qiymət vermək olar.
- Axı azərbaycanlı futbolçunun inkişafı əcnəbi məşqçinin nəyinə lazımdı?
- Bəs onda klub rəhbərliyi külli miqdarda sərmayə ayırıb əcnəbi məşqçini niyə gətirir? Klubun strategiyası olmalıdı, qarşıya məqsəd qoyulmalıdı ki, hər il neçə futbolçu üzə çıxdı. Əgər hansısa klubun klub kimi yaşamasını istəyiriksə, bunlara önəm verməliyik. Sponsorun əlinə baxmadan özləri futbolçu yetişdirməli, onu satıb, pul qazanmalıdılar. Bunlar futbolun tələbləridi. Əgər bunları istəmiriksə, bu günlə yaşayırıqsa, elə əcnəbi məşqçiləri gətirsinlər. İtaliyalı məşqçi də qazanmasa, 400-500 min avro alacaq.
- Bordinin illik məvacibi 330 min avrodu...
- (gülür) Bəs özü ilə neçə məşqçi gətirəcək?
- Yayılan məlumata görə, 2 köməkçi gətirəcək...
- Onların da pulunu klubun verəcəyini nəzərə alsaq, “summa” 1 milyon manatdan çox olacaq. Daha nə deyim?
- Futbolumuzda maliyyənin aşağı olduğu bir vaxtda bu qədər pula məşqçi gətirməyə dəyərmi?
- Bu başqa məsələ. Yəqin rəhbərlik nəsə bilir ki, gətirib. Vallah, çox qəribədi. AFFA yerli məşqçilər üçün kurslar təşkil edir. Bir strategiya qurmaq, gənclərlə yerli mütəxəssisləri birləşdirmək lazımdı. Yalnız bu yolla yaxşı məşqçilər ortaya çıxar, tez inkişaf gedər. Əgər belə olacaqdısa, bəs bu kurslar nə üçündü? Assosiasiya rəhbərliyinin təşkil etdiyi dərslər nəticəsində “Pro” kateqoriyalı məşqçilərimiz var. Hanı onlar? Hər işdə bir məqsəd olmalıdı. Gənc məşqçilər oxuduqdan sonra təcrübəlilərin yanında bir az işləməli, inkişaf etməlidi ki, baş məşqçiliyə hazır olsunlar. Hələ indiyə qədər görməmişəm ki, xaricdən gələn məşqçi özü ilə köməkçilər gətirməsin. Niyə gətirməlisən, cavan yerliləri götür, öyrət də. Amma bizdə əcnəbi baş məşqçinin yanına yerli köməkçi qoysan, bu, formal təyinat olacaq. Çünki yerli kənardan baxacaq, baş məşqçi onunla məsləhətləşməyəcək, yad münasibət göstərəcək, ancaq özü gətirdiyi köməkçiləri ilə söhbətləşəcək. Ancaq tarixə nəzər yetirsək, görərik ki, Azərbaycan komandaları həmişə yerli məşqçilərlə uğur qazanıb.
- Məşqçi olmağı arzulayan gənclər belə hallarla qarşılaşdıqdan, təcrübəli yerli mütəxəssislərin kənarda qaldığını gördükdən sonra məşqçiliyə niyə gəlmək istəsinlər?
- Çox yaxşı sualdı. Düz deyirsiniz. Azərbaycan futbolunda bu baxımdan ardıcıllıq itib. Yaşlı məşqçini elə uzaqlaşdırırlar ki, onun heç sözü də olmur. Titullar qazanan təcrübəli məşqçiləri niyə itirək? Klublarda təcrübəlilərin olması, öz məsləhətlərini verməsi yaxşı olardı. Bizim də gözümüz var, xarici insanlarla bərabərik. Amma onlarla müqayisədə ağıl sarıdan kasadıq. Məgər “Barselona” rəhbərliyi axmaq idi ki, Yohan Kroyffu illərlə heç yerə buraxmadı? Mən orda bir həftəlik kursda olmuşam. Kroyffun yanında ispan məşqçilər var idi, onları öyrədirdi. Cavanları 3-4 il uşaqlarla işlədirdi. Pep Qvardiola da o məktəbdən çıxıb. Bizdə SSRİ dönəmində bu cür ardıcıllıq var idi. Amma indi belə şeylər yoxdu. Yaxşı cavanlar var, amma onlar da dərk etmirlər ki, təcrübə toplamaq, öyrənmək lazımdı, tələsməyə ehtiyac yoxdu. Mən özüm də gənc vaxtlarımda ondan-bundan öyrənmişəm. İndi texnologiya inkişaf edib, öyrənməyin daha asan yolları var. Bir az ağıl işlətmək lazımdı. Amma belə çıxır ki, bizdə ağıl işlətməyə də ehtiyac yoxdu.