[b]Nazim Süleymanov təyinatından danışdı: Sizin işiniz asandı? [/b]
08.06.2018 - 11:59
[b]Nazim Süleymanov təyinatından danışdı: Sizin işiniz asandı? [/b]

“Sumqayıt”ın yeni baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

 

- Əvvəla bu posta təyin olunmağınız münasibətilə təbrik edirik. “Sumqayıt” rəhbərliyi ilə çoxdan danışıq aparırdınız?

- Təşəkkür edirəm. Bir neçə gün əvvəl klub rəhbərliyi ilə görüşdük. Söhbət zamanı gördük ki, fikirlərimiz üst-üstə düşür. Dünən də təyinat rəsmiləşdi.

 

- Dünənki görüş uzun çəkdi. Rəhbərlik qarşınıza hansı şərtləri qoydu?

- Əgər bir yerə işləməyə gedirsənsə, özünün hədəfin olmalıdı. “Sumqayıt” ötən mövsüm yaxşı təsir bağışlamışdı. Mətbuat da yazırdı ki, Samir Abasov güclü kollektiv formalaşdırıb. Buna baxmayaraq, komanda 5-ci yeri tutdu. Buna bəzi nüanslar səbəb oldu. Halbuki, mövsümün gedişində 3-cü pillədə qərarlaşırdı, Avropa Liqasına vəsiqə qazanmağa namizəd idi. Çalışacağıq ki, komanda yeni mövsümdə daha yaxşı oynasın və Avropa Liqasına vəsiqə əldə etsin.

 

- Bu, rəhbərliyin tələbidi, yoxsa özünüz qarşınıza bu hədəfi qoymusunuz?

- Hansı əsgər general olmaq istəməz? Komanda deyəndə həm rəhbərliyi, həm məşqçini, həm də futbolçunu nəzərdə tuturam.

 

- Bir neçə futbolçu komandanı tərk edib. Hədəfə çatmaq çətin olmayacaq?

- Məgər sizin işiniz asandı? Hər işdə çətinlik olur. Biz də çalışacağıq ki, bu çətinlikləri aradan götürək, işimizin öhdəsindən gələk və əziyyətimizin bəhrəsini görək.

 

- Uzun müddət idi ki, baş məşqçilik etmirdiniz. Yenidən atmosferi “udmaq”, ab-havaya uyğunlaşmaq üçün zamana ehtiyacınız vamı?

- Düşünmürəm ki, çətinlik olsun. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çalışdıqdan sonra bir layihə üzərində işlədik. Bu layihə çərçivəsində 2020-ci ildə əsas yığmanın heyətində yer alacaq oyunçularla bağlı məsləhət-məşvərət aparırdıq.

 

- Artıq bir neçə futbolçu “Sumqayıt”ı tərk edib. Heyətlə bağlı hansı dəyişiklikləri planlaşdırırsınız?

- Bəzi futbolçular artıq komandadan gediblər. Bu barədə rəhbərliklə söhbətimiz olacaq. Diqqətimizi transferlərə yönəldəcəyik. Amma ilk növbədə komandanın özəyini qorumaq lazımdı. Yeni oyunçular da dəvət edib, daha güclü kollektiv formalaşdırmaq istəyirik.

 

- “Qarabağ”ın maraq dairəsində olan Cavid İmamverdiyevin taleyi necə olacaq?

- Cavid İmamverdiyev ötən mövsümün ən yaxşı futbolçusu seçilmişdi. Onun klubla hələ daha bir illik müqaviləsi qüvvədədi. Təbii ki, Cavidin komandada qalmasını, kömək etməsini istəyirəm. “Sumqayıt”ın öz məqsədləri var və işimizi də buna uyğun quracağıq.

 

- Yəqin ki, klubun strategiyası dəyişməyəcək?

- Bəli, strategiya dəyişməyəcək, ancaq yerli futbolçular olacaq.

 

- Neçə transfer planlaşdırırsınız?

- Yaxın 1-2 gündə hər şeyə aydınlıq gələcək. Komandaya nə qədər oyunçu lazımdısa, o sayda da transferlər edəcəyik.

 

- Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyevi artıq sizin futbolçunuz saymaq olarmı?

- Hər bir klub bu cür təcrübəli futbolçuların xidmətində maraqlı olar. Çalışacağıq ki, adıçəkilən oyunçuları kollektivə cəlb edək.

 

- Əminliklə demək olarmı ki, yeni mövsümdə onları sizin rəhbərliyiniz altında izləyəcəyik?

- İnşallah. Rəsmiləşdikdən sonra hər şeydən xəbərdar olacaqsınız. Mən özüm dünən anlaşmışam. Bu səbəbdən qısa müddətdə bu suallara cavab vermək çətindi. Heç olmasa 1-2 gün vaxt lazımdı ki, bu məsələləri yoluna qoyaq.

 

Ruslan SADIQOV