Axır ki, gəldi. Yox, səhv yazdım, "O gəldi!"
"Neftçi"nin təzə baş məşqçisini deyirəm. Daha doğrusu, mən demirəm, klub özü belə deyir.
Tərlan Əhmədovu güc bəla ilə işindən eləyən, ondan sonra da əl-ayağa düşən Kamran Quliyev istədiyi məşqçini tapıb. Düzdü, o qədər asan olmasa da, pis-yaxşı düz-qoş elədilər birini. Amma komediya tək bununla bitsəydi nə vardı ki...
Bizim bu "Neftçi"nin “əndrabadi” qərarları ilə tanınan rəsmiləri daha bir maraqlı işlə diqqət çəkiblər. Baş məşqçini ölkəyə gətirən, onu hava limanında qarşılayan və prosesi çəkən media qrupu yenilik etməyə qərar verib. Videoda hər şey var, gələnin üzündən başqa. Rəhmətlik nənəm həmişə deyərdi ki, ay bala "qırxı çıxmamış" körpələrinizin üzünü yad yerdə göstərməyin.
Görünür, "Neftçi" rəhbərliyi də bu məsləhətə əməl etmək istəyir ki, məşqçinin üzünü biz jurnalistlərdən və azarkeşlərdən nihan etmək qərarına gəlib. Deyilənə görə, klub rəsmiləri hələ də elə bilirlər ki, guya bunların gətirdikləri baş məşqçini heç kim tanımır, sürpriz edəcəklər. Ay-hay...
Onsuz da hamıya hər şey məlumdu. Necə deyərlər, dəvəquşu başını quma salıb, dalından xəbəri yoxdu, elə bilir ki, onu heç kim görmür. Dal demişkən, bayaqdan sözügedən videoda gələn məşqçinin görüntülərinə baxanda bir əhvalat yadıma düşdü.
Azərbaycanın xalq artisti Habil Əliyevlə dirijor, maestro Niyazi yol gedirmişlər. Şəhərdə qabaqlarına çıxan hamı Habillə görüşüb, salamlaşsa da, Niyazini dindirən olmur. Axırda buna dözməyən Niyazi dillənir ki, ay Habil, mən səndən daha məşhuram, səndən çox tanımıram, adım, titulum, mükafatlarım da səndən çoxdu, niyə hamı sənə salam verir, mənə yox? Hazırcavablığı ilə tanınan Habil Əliyev söz altda qalmır: Ustad, camaat sizi daldan tanıyır axı, ona görə üz-üzə gələndə salam vermirlər.
Belə çıxır ki, o videoya baxan azarkeşlər yeni baş məşqçilərini ancaq daldan tanıyacaqlar.
P.S. Yeri gəlmişkən, bir dostumuz səhər saatlarında Bordini görüb. Arxadan tanıyıb. Dediyinə görə, boynundakı “ağ-qara” şərflə selfi edirmiş...