“Qalatasaray” “Monako” səfərinə ciddi itkilərlə çıxacaq
08.12.2025 - 13:37
“Qalatasaray” “Monako” səfərinə ciddi itkilərlə çıxacaq

“Qalatasaray” UEFA Çempionlar Liqasının altıncı turu çərçivəsində sabah səfərdə Fransa Liqa 1 təmsilçisi “Monako” ilə üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılı"lar bu vacib qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

İstanbul təmsilçisinin 7 futbolçusu müxtəlif səbəblərdən “Monako” ilə oyunda forma geyinə bilməyəcək.

Zədəli olan Vilfrid Sinqo, İsmail Yakobs və Kaan Ayhan, “Yunion Sent-Julliaz” matçında qırmızı vərəqə alan Arda Ünyay, Türkiyədə mərc araşdırması çərçivəsində cəzalanan Eren Elmalı və Metehan Baltacı sabahkı görüşü buraxacaqlar.

Bundan əlavə, UEFA-nın iştirak üçün təqdim etdiyi siyahıya daxil edilməyən Kazımcan Karataş da matçda oynaya bilməyəcək.

Super Liqanın 15-ci turunda “Samsunspor”la oyunda zədələnən Mario Lemina ilə bağlı isə yekun qərar bugünkü məşqdən sonra veriləcək.

Qeyd edək ki, "Monako" - "Qalatasaray" görüşü 10 dekabr saat 00:00-da start götürəcək.