[b]“Qarabağ” göstərdi ki, son dərəcə təhlükəlidi” - Şimo Rumbullaku[/b]
26.07.2018 - 09:46
[b]“Qarabağ” göstərdi ki, son dərəcə təhlükəlidi” - Şimo Rumbullaku[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la evdə qolsuz bərabərə qalan “Kukesi”nin müdafiəçisi Şimo Rumbullaku qarşılaşmadan sonra yerli sportekspres.com saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu komandasının çıxışından məmnun qaldığını bildirib.

 

- Oyun barədə nə deyə bilərsiniz? “Qarabağ”dan belə çıxış gözləyirdiniz?

- Rəqibin güclü komanda olduğunu bilirdik. Bu üzdən “Qarabağ”dan belə oyun gözləyirdik. Çünki onların böyük bacarığa malik oyunçuları var. Taktiki cəhətdən ideal çıxış etdik. Onların ikinci hissədəki təzyiqini xatırlayıram. Nəticə çox önəmli idi. Düzdü, hücumda yaxşı deyildik, ancaq çox uğurlu müdafiə olunduq. Diqqətsizlik etməmək üçün çox əziyyət çəkdik. Əla performans sərgilədik, uşaqlar sona qədər “vuruşdular”. Bütün heyət və işçilər bu nəticəyə layiq idi. İndi daha çox hazırlaşmalıyıq.

 

- Siz özünüz də yüksək səviyyədə çıxış etdiniz. Belə güclü rəqiblərə qarşı xüsusi hazırlaşırsız?

- Oyunumdan razı qaldım. Yeni sistemdə çıxış etdiyimizi xüsusi vurğulamalıyam. 3-5-2 sistemində üzərimə daha çox iş düşdü. Fikrimcə, baş məşqçinin tapşırıqlarına əməl etdim və komandama kömək edə bildiyimi düşünürəm.

 

- Növbəti mərhələ şansınızı necə görürsünüz, tarixi nəticəyə imza ata bilərsiniz?

- Təbii ki, mərhələ keçməyi arzulayırıq. Əgər səbrlə oynasaq, mütləq şansımız olacaq. İşin yarısını görmüşük. Ancaq müdafiədə diqqətli oynamalıyıq. Çünki “Qarabağ” göstərdi ki, son dərəcə təhlükəlidi.

 

- Avrokubok oyunlarında fərqli oyunçular çıxış edir. Heyətdə müəyyən dəyişikliklər diqqət çəkir...

- Çox çətindi. Çünki bir-birimizi hələ tanımırıq. Uilyam güclü futbolçudu. Müdafiədə komandaya çox köməyi dəydi. Onunla birlikdə çıxış etməkdən məmnunam.

0