Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la heç-heçə (0:0) edən “Kukesi”də idman direktoru Nderim Nedzipi matçdan sonra sportekspres.com saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib. Apasport.az saytının məlumatı görə, Ağdam klubunun sabiq futbolçusu nəticədən razılıq bildirib və növbəti mərhələ şanslarının olduğunu söyləyib.
- Evdə 0:0 hesabı sizi qane edir?
- Bilirdik ki, asan oyun olmayacaq. “Qarabağ”ın necə keyfiyyətli komanda olduğundan məlumatlı idik. Qol buraxmamaq çox önəmli idi. Uşaqları təbrik edirəm. 90 dəqiqə ərzində qapımız qarşısında ciddi təhlükə yaşamadıq. 0:0 yaxşı nəticədi. Ancaq qarşıda bizi daha 90 dəqiqə gözləyir. Hansı ki, orda artıq möhtəşəm çıxış etməliyik. Komandamız getdikcə formalaşır, bu nəticə isə bizə əlavə özünəinam verdi. Reginaldo hücumda qol silahımız olacaq.
- Reginaldo uğurun açarıdı?
- Dünən gec gəldi. Buna görə də risk etmək istəmədik. Sabah kollektivə qoşulacaq. Keyfiyyətli komanda olduğumuzu bilirik. Ancaq böyük inamla çıxış edib qol vursaq, o zaman şansımız olacaq.
- Şansları necə dəyərləndirirsiniz?
- “Qarabağ” yenə də cütün favoritidi. Ancaq futbolda heç nə bilmək olmur. Sürpriz üçün əlimizdən gələni edəcəyik.
- Həmyerliniz Ansi Aqolli “Qarabağ”da çıxış edir. Onun barəsində nə deyə bilərsiniz?
- Bakıda il yarım vaxt keçirdim və onu tanıdım. Onlara bu gün əziyyət verdik. Bəlkə də, belə kompakt futbol oynayacağımızı gözləmirdilər. Ansi mənim ordakı dostlarımdan biridi. Onun Azərbaycan klubunun əfsanələri arasında olmasından şadam. Orda keyfiyyətli oyunlar sərgiləyib. Albaniyaya rəqib kimi ilk dəfə gəldiyi üçün ona hörmət göstərməliyik.
- Baş məşqçi yeni oyunçular tələb edib. Siz özünüz də komandanın gücləndirilməli olduğunu hiss etdinizmi?
- Klub prezidentinin öz düşüncələri və o, komandanın irəliləməsini istəyir. Keyfiyyətli kollektivə sahibik. Daha yaxşı çıxış edəcəyik. Fikrimcə, gündən-günə “artıracağıq”.