Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinə səfər heç-heçəsi ilə başlayıb. Apasport.az saytının məlumatına görə, Albaniyada “Kukesi” ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri cütün taleyini avqustun 1-də aydınlıq gətirməli olacaq.
Klublarımızın avrokuboklardakı ilk oyununda səfərdə 0:0 hesablı heç-heçə etməsi ilk belə hal deyil. Tarixə nəzər salsaq, Albaniyadakı sülh 4-cü belə nəticədi.
Bunadək üç dəfə Azərbaycan klubları səfərdəki qolsuzluqdan sonra rəqibini evdə qəbul edib. Əvvəlki üç belə durumdan ikisində təmsilçimiz “Qarabağ” olub.
Ağdam klubu 2009-cu ildə Avropa Liqasında Norveçdə “Rusenborq”la sülh bağlayıb. Qurbanovun yetirmələri evdəki qarşılaşmada minimal hesabla qalib gəlməyi bacarıb.
2016-cı ildə isə “Qarabağ” səfərdəki “0”lardan yararlana bilməyib. Çexiyada “Viktoriya” ilə bərabərə qalan ağdamlılar Bakıda da heç-heçəyə imza atıb – 1:1. Rəqib meydanında vurulan qol çexiyalıların lehinə işləyib.
“Qarabağ”a tanış olan duruma düşən digər komanda “Xəzər Lənkəran”dı. Cənublular 2010-cu ildə Avropa Liqasında eyni vəziyyətə düşüb. Moldovada “Olimpiya” ilə qolsuz ayrılan “Xəzər Lənkəran” kifayət qədər zəif rəqibini keçə bilməyib. Evdəki 1:1 hesablı heç-heçə cənublular üçün məğlubiyyətə bərabər olub.
Beləliklə, 3 dəfə səfərdə qolsuz heç-heçə edən komandalarımız yalnız 1 dəfə mərhələ keçib. “Qarabağ” isə iki belə durumun birindən üzüağ ayrılıb.