“Qarabağ”ın futbolçusu Vild-Donald Geryenin taleyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, bu barədə yarımmüdafiəçi Haiti mətbuatına məlumat verib.
Ölkəsində tədbirə qatılan 29 yaşlı oyunçu klubu ilə müqavilə müddətini daha bir il müddətinə uzatdığını söyləyib. Gerye eyni zamanda İtaliya klublarına transfer olunacağı ilə bağlı xəbərləri təkzib edib və bununla bağlı heç kimlə danışıq aparmadığını vurğulayıb. Haiti millisinin üzvü Çempionlar Liqasının təsnifat mərhələsinin hazırlığına başlamaq üçün bu həftə “Qarabağ”ın düşərgəsinə yollanacağını əlavə edib.
Qeyd edək ki, ötən ilin yayında "Alanyaspor"dan transfer edilən Vild-Donald Geryenin “Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədər idi.