AZAL-ın sabiq futbolçusu Ervin Bulku Albaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, albaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Kukesi” – “Qarabağ” görüşləri barədə fikirlərini açıqlayıb.
- Vaxtilə Azərbaycanda çıxış etmisiz. “Kukesi”nin “Qarabağ”la dueli barədə nə düşünürsüz?
- “Qarabağ” son 5-6 ildə Azərbaycan futbolunda dominantlıq edir. Əvvəl isə bu ölkədə liderlik “Neftçi”də idi. Ağdam klubunun çox sanballı heyəti var. Bu komanda son 3-4 ildə həm Avropa Liqası, həm də Çempionlar Liqasında qrupa düşüb. “Kukesi”nin işi çox çətin olacaq. Amma futbolda mümkünsüz şey yoxdu. DÇ-2018-də də kiçik komandaların nəhənglər üzərində qələbələrin görmüşük. “Qarabağ”ı keçmək asan vəzifə deyil. Rəqib cütün favoritidi.
- Azərbaycanda çıxış etdiyiniz dövrü necə xatırlayırsız?
- Mənim orda oynadığım 2012-ci il AZAL tarixinin ən uğurlu dövrü idi. Biz avrokuboklarda mübarizə apardıq. Azərbaycan futbolunun inkişafında əsasən “Qarabağ”la “Qəbələ”nin payı böyükdü. Bu klublar ölkəni avrokubokların qrupunda yaxşı təmsil edib.
- “Qarabağ”ın üstün cəhəti nədi?
- Komandanın ən güclü tərəfi heyətin özəyini 5-6 ildi dəyişməməsidi. Heyətdə çox az dəyişikliklər olur. Əksər oyunçular Azərbaycan millisində də çıxış edən yerli futbolçulardı. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Azərbaycan futbolunun ən tanınmış simalarındandı. O, milli komandanın tarixində ən yaxşı bombardirdi və 9 ildi indiki vəzifəsində çalışır.
- “Qarabağ” Azərbaycan futbolundakı dominantlığı nə ilə bağlıdı?
- Maliyyə durumunun yaxşı olması texniki məsələlərin də yüksək koordinasiyası ilə müşayiət olunur. Bu illər ərzində prezident, rəhbərlik, baş məşqçi dəyişməz qalıb. Azərbaycan klubları əvvəl qrupa düşə bilmirdi. Rəqibdə maliyyə, idarəçilik və texniki məsələlər sintez təşkil edir. “Kukesi” də eyni durumdadı. Yeganə fərq “Qarabağ”da dəyişikliklərin az olmasıdı. Onlar hər il 1-2 oyunçu dəyişib. “Kukesi”də isə həm rəhbərlikdə, həm heyətdə dəyişikliklə yetərincədi. Beynəlxalq arenada heyətdə cüzi dəyişikliklər edənlər daha çox uğur qazanır.
- “Tirana” və millidəki sabiq komanda yoldaşın Ansi Aqolli neçə illərdi “Qarabağ”da çıxış edir...
- Onunla birlikdə böyümüşük. “Tirana”da, millidə, Ukraynada birgə çıxış etmişik. Bizim ailəvi dostluğumuzdan hamının xəbəri var. “Qarabağ”ın son illərdəki uğurlarında Aqollinin də xidmətləri var.