“Qolları vaxtında vurduq” - qazaxıstanlı qapıçı
06.06.2018 - 09:07
“Qolları vaxtında vurduq” - qazaxıstanlı qapıçı

“Yaxşı oyun göstərdik və qolları vaxtında vurduq. Ən əsası odu ki, baş məşqçinin tapşırığını yerinə yetirə bildik, müdafiədə intizamlı çıxış etdik”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının qapıçısı Nenad Eriç deyib.

 

Dünən “Astana Arena”da millimizlə yoldaşlıq görüşü keçirən Qazaxıstan yığması 3:0 hesablı qələbə qazanıb.

 

Oyunla bağlı yerli mətbuata açıqlama verən Eriç, xüsusən də, müdafiə xəttindən məmnunluq bildirib: “Müdafiə xəttinin “Astana”nın futbolçularından ibarət olması mənim işimi asanlaşdırdı. Çünki onları yaxşı tanıyıram. Üstəlik, klubda Stanimir Stoilovun rəhbərliyi altında oynayırdıq, onun tələblərini bilirdik. Bir məşqçi ilə uzun müddət birgə çalışdığın zaman onun istəklərini yerinə yetirmək asan olur”.

 

36 yaşlı qolkiper Millətlər Liqasına hazırlıqdan da bəhs edib: “Həm Azərbaycan, həm Macarıstan, həm də Bolqarıstanla oyunlar Millətlər Liqasına hazırlıq xarakteri daşıyır. Həmin turnirə hazırlaşırıq. Təbii ki, klublarımızın avrokuboklarda çıxışından da çox şey asılıdı”.