[b]“Roma” “Barselona”nı məhkəməyə verir[/b]
24.07.2018 - 23:48
[b]“Roma” “Barselona”nı məhkəməyə verir[/b]

“Roma” “Barselona” klubunu məhkəməyə verməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu İtaliya nəhənginin idman direktoru Ramon Rodriges Monçi deyib.

 

O bildirib ki, “Bordo”nun yarımmüdafiəçisi Malkomla anlaşmalarına baxmayaraq, braziliyalı futbolçu son anda “Barselona”ya keçib: “Malkomla danışıqdan razı idik və onu komandanın önəmli siması qismində görürdük. Futbolçu ilə anlaşmışdıq, onu Romaya tibbi müayinəyə dəvət etmişdik. Hər şey nəzarətimiz altında idi. Lakin sonra onların prezidenti mənə zəng vuraraq, transfer ətrafında söz-söhbətlər olduğunu bildirdi, keçidi rəsmən elan etməyimizi istədi. Mən buna qarşı çıxdım ki, hər şey rəsmiləşdikdən sonra açıqlayaq. O isə təkid edirdi. Ardından “Bordo” bunu açıqladığından, biz də elan etməli olduq. Lakin bundan bir saat sonra “Barselona” variantı ortaya çıxdı. Fransa klubu da bu təklifin daha sərfəli olduğunu bildirdi və Malkomu onlara satdı. Hətta “Bordo” prezidenti bizdən daha yaxşı təklif gözlədiklərini söylədi. Mən isə razılaşmadım. Çünki biz bu məbləğə anlaşmışdıq. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi düşünürük. Azarkeşləri isə əmin edirik ki, “Roma”da oynamaq istəyən futbolçuların axtarışını davam etdirəcəyik”.

 

Qeyd edək ki, “Bordo” Malkomu 41 milyon avro qarşılığında “Barselona”ya satıb. 21 yaşlı oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayacaq.