“Hər bir insanın öz məqsədi olmalıdı. Maaş xatirinə işləməkdənsə, futbolu bitirib evdə oturmaq daha düzgün addımdı. Özünü başqa sənətdə sınasan, bəlkə də, uğur qazanarsan”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın sabiq baş məşqçisi Samir Abasov deyib.
Mövsümün sonunda “gənclik şəhəri” təmsilçisindən ayrılan Abasovun adı “Neftçi” ilə birgə hallansa da, paytaxt klubu bu gün italiyalı Roberto Bordini baş məşqçi postuna gətirib.
Abasov bakılılarla anlaşmamasının səbəbini belə izah edib: “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov mətbuata açıqlamasında deyib ki, bu günə qədər azərbaycanlı məşqçilərə etimad göstərdik, bir xeyri olmadığı üçün əcnəbi mütəxəssislə bəxtimizi sınamaq istəyirik. Bu üzdən “Neftçi” ilə danışığımız alınmadı. Açığı, məndən soruşsanız ki, “Neftçi”nin baş məşqçisi kim olsun, 100 faiz deyərdim ki, Tərlan Əhmədov. Çünki klubun istəyi avrokuboklar idi, Əhmədov da bunu bacardı. Sadəcə, daxildə nələr baş verdi, rəhbərliyi nə qane etmədi, bunu bilmirəm. Çünki Azərbaycanın böyük klublarında nəticə ilə iş bitmir. Başqa amillər də var ki, onları bilmirəm. Amma rəhbərlik nələr yaşandığını, niyə baş məşqçi ilə yollarını ayırdığını ictimaiyyətə açıqlamalıdı. Ən azı komandaya bağlı olan “Neftçi” azarkeşlərinin bunu bilməyə haqqı var”.
40 yaşlı mütəxəssisin fikrincə, Bordinin əsas işi avrokuboklarda görünəcək: “Klub rəhbərliyinin bu addımının doğru olub-olmadığını zaman göstərəcək. Yeni baş məşqçi ən azı 400-500 min avro alacaqsa, deməli, “Neftçi”nin maliyyə durumu pis deyil. Top-səviyyəli məşqçi olmasa da, gördüyü işlər göz önündədi. Açığını deyim, Azərbaycanda belə məşqçi gətirib, bu qədər pul verirsənsə, deməli, o da hansısa şərtləri qəbul edib. Və ya özü ilə gətirəcəyi futbolçular var ki, buna rəhbərlik razı olub. Bu qədər pul xərclədikdən sonra Azərbaycan çempionatında uğur qazanmaq böyük problem deyil. Tərlan Əhmədov “Neftçi”ni bu vəziyyətdə avrokuboklara daşıyıb. Daha 4-5 oyunçu gətirdikdən sonra uğur qazanmağa nə var ki? “Neftçi”nin artıq yaxşı yerli oyunçuları var, əcnəbiləri də bura uyğunlaşıblar. Daha 5-6 əcnəbinin alınacağını nəzərə alsaq, hətta ölkə çempionluğu belə, qiymət vermək üçün yetməyəcək. Çünki 8 komandanın və rəqabətin zəif olduğu çempionatda yaxşı maliyyə durumu ilə birinci yeri istənilən məşqçi ilə tuta bilərsən. “Neftçi” bu addımı atırsa, əsas avrokuboklarda uğur qazanmalıdı. Yalnız ondan sonra bu məşqçinin lazım olub-olmadığı bilinəcək. Onlara uğurlar arzulayıram. Ən azı ona görə ki, bu komanda Avropa arenasında Azərbaycanı təmsil edəcək”.
Abasov ölkəmizdə yerli məşqçilərlə əcnəbilərin müqayisəsini də aparıb: “Bordinin yüksək məbləğdə maaş alması reallıqdı. Azərbaycanlının öz qiyməti var, kənardan gələnin öz qiyməti. Adamı yandıran odu ki, gələnin də qarşısına eyni hədəfi qoyurlar, azərbaycanlının da. Qarşına çempionluq məqsədi qoysalar və 200 min avro maaş istəsən, deyəcəklər ki, sənin başına hava gəlib. Kənardan gələn təbii olaraq azərbaycanlının qazandığını istəməyəcək, bizdən 5-10 qat çox tələb edəcək. Futbolun yazılmamış qanunu budu və böyük klublarda normal haldı. Mənim prinsipim odu ki, hər kəs öz qiymətini bilməlidi”.