Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını Avstriyada davam etdirmək variantı yenidən gündəmə gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Mattersburq” bununla bağlı “Trabzonspor”la danışığa başlayıb.
Bunu klubun baş məşqçisi Gerald Baumqartner də təsdiqləyib. O, 22 yaşlı forvardın keçidi üçün rəhbərliyin hərəkətə keçdiyini və qarşı tərəfə rəsmi təklif göndərdiyini bildirib. Çalışdırıcı hətta Türkiyə tərəfinin bütün şərtlərini qəbul etdiklərini də etiraf edib.
Baumqartner qısa müddətdə Şeydayev məsələsinə son nöqtə qoymaq istədiklərini vurğulayıb: “Çünki çox vaxtımız yoxdu. Əgər Şeydayevi almaq mümkün olmasa, B planını işə salacağıq”.
Qeyd edək ki, Sloveniya toplanışında özünü yaxşı tərəfdən göstərən Ramil Şeydayevin “Trabzonspor”da qalıb-qalmayacağına baş məşqçi Ünal Karaman qərar verəcək. Forvardın Qara dənizlilərlə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.