“Uzun illərdən sonra "Neftçi"ni əcnəbi məşqçi çalışdıracaq. Azərbaycan klub futbolunda məsuliyyətdən qaçan, özlərinə güvənməyən rəhbərliklər əsasən əcnəbilərə üstünlük verirlər. Yaxın keçmişdə "Neftçi", son illər "Qarabağ" yerli məşqçi, mütəxəssislərlə tarixi uğurlar, çempionluqlar, kuboklar qazanıb”. Apasport.az saytının xəbərinə görə, bu sözlər sabiq FİFA referisi Tahir Süleymanova məxsusdu.
İtaliyalı məşqçi Roberto Bordinin “Neftçi”yə təyinatı haqda danışan Süleymanov bildirib ki, paytaxt təmsilçisi son illər bərbad durumdadı: “Klubu "Binə", "Sədərək" bazarına çeviriblər. Hər mövsüm rəhbərlikdən tutmuş məşqçi, futbolçulara qədər əlcək kimi dəyişirlər. Biri gedir, digəri gəlir. "Neftçi" yükünü daşıya bilmədiklərinə görə çıxış yolu tapa bilmirlər. Tərlan Əhmədovla 3-cü yeri tutduqdan sonra çox riskli addım atıldı. Təəssüf ki, bu tək idman prinsiplərinə görə deyil, şəxsi münasibətlərlə bağlı idi. "Neftçi"nin yeni rəhbərliyi italyan məşqçiyə xilaskar gözü ilə baxır. Təyinatın, "Neftçi"nin sabahının məsuliyyəti tam olaraq onların üzərindədi. Yerlilərlə nəticələr qazanmış "Neftçi"nin ödənişli Bordinlə daha böyük uğurlar qazanması şərtdir. Rəhmətlik Böyükağa Hacıyevin çempionluq, qruplar dönəmində italyan qədər məvacibi olmayıb. Heç ona yaxın da getməyib. "Neftçi"nin tək yolu çempionluq qazanıb qruplar yolunu tutmaqdı”.
Bordinin Moldovada işinin uğurlu alındığını deyən Süleymanovun fikrincə, "Şerif" son vaxtlar "Qarabağ" kimi uzun illərdi ölkəsində şəksiz liderdi: “İndi isə "Neftçi" liderliyini geri qaytarmalıdı. "Qarabağ"dan bunu almaq heç də asan olmayacaq. Digər tərəfdən namizədlərə baxdıqda pərakəndəlik hiss olunurdu. Adları çəkilən məşqçilərin fərqli futbol baxışları var idi. "Neftçi"nin ənənəvi oyun üslubu var. Baş məşqçi buna sadiq qalmalıdı. Flaqman eksperimentlər məkanı deyil” (qol.az).