Çempionlar Liqasının qrup mərhələsinin II turunda keçirilən PSJ - "Barselona" qarşılaşması qonaqların yarımmüdafiəçisi Andres İnyesta üçün əlamətdar hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, hazırda davam edən və Kataloniya təmsilçisinin hesabda geri olduğu (3:2) matç İspaniya millisinin futbolçusunun qitənin ən möhtəbər klub turnirində yubiley oyunu olub.
Belə ki, İnyesta “Barsa” forması ilə ÇL-də 100-cü görüşünə çıxıb.
Bundan başqa, “Çelsi”nin müdafiəçisi Con Terri də “Sportinq”lə (1:0) görüşdə ÇL-də yubiley – 100-cü dəfə meydana çıxıb.
Qeyd edək ki, PSJ ilə oyunda ilk “11-lik”də şans alan Andres bu uğura imza atan 22-ci futbolçu kimi ÇL-in tarixinə düşüb. “Barselona”da isə 100 oyun keçirənlər Xavi, Karles Puyol və Viktor Valdesdir.
Terri isə Eşli Koul, Frank Lempard, Pol Skoulz, Hari Nevill və Devid Bekhemdən sonra 6-cı ingilis oyunçu olub.