Maltanın “Valletta” klubunun 2 futbolçusunun Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bunlar Jan Pyer Mifsud Triqanza və Yessus Kamilleridir.
Ötən yay “Xəzər Lənkəran”la yoxlama oyunu keçirmiş “Birkirkara”dan “Valletta”ya keçmiş Mifsud Triqanza Malta Premyer Liqasının debütantı “Zebbuq Reyncers”lə müqavilə bağlayıb. 32 yaşlı hücumçu ötən mövsüm “şəhərlilər”də keçirdiyi 22 oyuna 5 qol vurub.
Kamilleri isə yanvardan I dəstədə şərəfini qoruduğu “Zebbuq Reyncers”dəki karyerasını davam etdirəcək. O, bu klubda mövsümün sonunadək icarə əsasında oymayacaq.
Qeyd edək ki, “Qarabağ” “Valletta” ilə ilk matçını iyulun 15-də keçirəcək. Maltada baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək.