Topaz Premyer Liqasının III turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Neftçi” iki uğursuz seriyaya son qoyub. Apasport.az saytının məlumatına görə, bakılılar həm Premyer Liqa, həm bütün oyunlarda yaşadıqları qələbə həsrətini sona çatdırıb.
132 gün əvvəl - aprelin 13-də “İnter”lə kubokun yarımfinal oyununda 2:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ümumilikdə 12 matçda qalib gələ bilməmişdi. 6 heç-heçə və 6 məğlubiyyətdən ibarət bu seriyada 2 avrokubok, 2 kubok və 8 çempionat oyunu baş tutub.
Paytaxt təmsilçisi Premyer Liqadakı son qələbəsini isə 140 gün əvvəl aprelin 5-də qazanılmışdı. “Simurq”u səfərdə 1:0 hesabı ilə məğlub edən “Neftçi” sonrakı 9 görüşdə qələbəyə həsrət qalmaqla klubun antirekordunu müəyyənləşdirib. Bu matçlarda 5 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb. Uğursuz seriyanın 7 oyunu ötən, 2 matçı cari mövsümdə keçirilib.