Avrokuboklar tarixində 6-cı dəfə Azərbaycan klubu iyulun 15-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Malta “Valletta”sını sınağa çəkəcək “Qarabağ”a qədər 5 dəfə təmsilçimiz bu tarixdə gücünü sınayıb. Bu matçlarda 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.
Yeganə qələbə də elə ağdamlıların hesabındadır. “Qarabağ” 2010-cu ildə Şimali İrlandiyada “Portadaun”a 2:1 hesabı ilə qalib gəlib. 2004-cü ildə isə ağdamlılar Slovakiyada “Dukla”ya uduzmuşdu – 0:3.
10 il əvvəl “Şəmkir” Gürcüstanda “Olimpi”yə 1 cavabsız qolla uduzmuşdu. 2008-ci ildə “İnter” Bakıda “Rabotniçki” ilə qolsuz heç-heçə edib.
İyulun 15-də qeydə alınan ən böyük uğursuzluq isə “Bakı”nın cəzalı futbolçunu oynatmasıdır. 2010-cu ildə Monteneqro “Buduçnost”unu udan paytaxt klubu cəzalı Joel Epallenin meydana çıxması üzündən texniki məğlubiyyət almışdı.