Sabah iki Azərbaycan klubu Avropa Liqasında növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, 6 il əvvəl avqustun 20-də də iki təmsilçimiz Avropa liqasının pley-offunun ilk görüşündə qüvvəsini sınamışdı.
Bu dəfə “Qəbələ” Yunanıstan “Pnatinaikos”u ilə evdə, “Qarabağ” İsveçrə “Yanq Boyz”u ilə səfərdə görüşəcək.
6 il əvvəl də təmsilçilərimizdən biri öz, digəri rəqib meydanına çıxıb. “Qarabağ” indiki kimi səfərdə oynayıb. Həmin vaxt da rəqiblərdən biri İsveçrə klubu olub.
Amma 2009/10 mövsümündə hər iki qarşılaşma uğursuzluqla nəticələnib. Ağdamlılar Hollandiyada “Tvente”yə, “Bakı” isə evdə İsveçrə “Bazel”inə uduzub. Hər iki qarşılaşma 1:3 hesabı ilə nəticələnib.
Qeyd edək ki, avrokuboklardakı 21 illik çıxışlarımız ərzində klublarımız avqustun 20-da başqa oyun keçirməyib.