Türk baş məşqçisi Braziliyada jurnalistlik edəcək
03.06.2014 - 05:24
Türk baş məşqçisi Braziliyada jurnalistlik edəcək

 

Adı Moskvanın “Spartak” futbol klubu ilə çəkilən türk əsilli isveçrəli baş məşqçisi Murat Yakın Braziliyada keçiriləcək dünya çempionatı zamanı jurnalistlik edəcək. Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis “20 dəqiqə” qəzeti ilə müqavilə bağlayıb.

 

Yakın 2004-cü ilin Avropa çempionatının iştirakçısı kimi İsveçrənin ən böyük qəzetlərindən biri üçün yazacaq. Mütəxəssis İsveçrənin ən nüfuzlu qəzet və saytlarından biri ilə əməkdaşlığından xoşbəxt olduğunu vurğulayıb. “20 dəqiqə”nin baş redaktoru Marko Boselli də dünya çempionatı dövründə gücləndiklərindən məmnun olduğunu bildirib.

 

Qeyd edək ki, Murat Yakının “Spartak”la 2 illik müqavilə imzaladığı bildirilir. Amma xəbər rəsmən təsdiq edilməyib. Onun sonuncu iş yeri “Bazel” klubu olub. Yakın “Bazel”lə 2 dəfə dalbadal İsveçrə çempionu olub, 1 dəfə İsveçrə kubokunu qazanıb, Avropa Liqasının yarımfinalına qədər irəliləyib.