“Neftçi” klubunun sabiq serbiyalı qapıçılar üzrə məşqçisi Neboyşa Manoyloviçin apasport.az saytına müsahibəsi
- Vaxtilə məşqçi işlədiyiniz “Neftçi” Avroliqanın pley-off mərhələsində Serbiyanın “Partizan” klubu ilə üz-üzə gələcək. “Partizan” ölkənizin, “Neftçi” isə uğurlarına çalışdığınız komandadı. Bu matç barədə nə deyə bilərsiniz?
- Mənim üçün də maraqlı oyun olacaq. Hər iki komanda bir-birini tanıyır. Hələ mən “Neftçi”də işləyərkən biz Avroliqanın qrupunda “Partizan”la üz-üzə gəlmişdik. Həmin oyunlarda qələbə qazana bilməmişdik, amma layiqli oyun göstərmişdik.
- “Neftçi”nin mərhələ keçmək üçün şansı varmı?
- Əlbəttə var. Düşünürəm ki, “Neftçi” öz oyununu göstərə bilsə, mərhələ keçə bilər.
- Konkret hansı komandanın mərhələ adlamaq şansı çoxdu?
- Fikrimcə, “Neftçi” rəqibindən daha güclüdü...
- Serbiya mətbuatı “Partizan”da ciddi problemlərin olduğunu yazıb. Siz bu haqda nə bilirsiniz?
- O qədər də ciddi deməzdim. Amma müəyyən problemlər var. Bunu bütün Serbiya mətbuatı yazır. Maliyyə ilə bağlı çatışmazlıqlar var. Amma düşünmürəm ki, bu onların Avroliqadakı çıxışına təsir etsin.
- Bəzi aparıcı futbolçularının da “Partizan”dan ayrılacağı bildirilir...
- Düzdü. Bu, ola bilər. Çünki Avropanın böyük klubları onların xidmətində maraqlıdı. Amma həmin oyunçular Avroliqanın matçlarından sonra gedəcəklər.
- “Neftçi” Nikolas Kanales yenidən heyətə qaytardı. Çilili futbolçu komandaya nə dərəcədə fayda verə bilər?
- Kanales Avroliqada oynasa, komandaya çox xeyir verəcək. Sabiq klubumun belə futbolçuya ehtiyacı var idi. Yaxşı ki, Kanalesi qaytardılar. “Neftçi”nin yaxşı heyəti var. Julius Vobay döndü, Flavinyo var, Erik Ramos, Bruno Bertuççi kimi oyunçular var. Yeganə problem müdafiədə olacaq. Karlos Kordozonun olmaması böyük itkidi. Bu, məni narahat edir.
- “Partizan” – “Neftçi” oyununu stadiondan izləyəcəksiniz?
- Əlbəttə.
- Hansı komandaya azarkeşlik edəcəksiniz?
- Mənim üçün fərqi yoxdur. Hansı klub qrupa düşsə, ona azarkeşlik edəcəm (gülür)
Elsevər MƏMMƏDOV