“İnter”in əvəzedici komandaya göndərdiyi futbolçu: Mən elə söz deməmişəm
05.04.2014 - 09:58
 “İnter”in əvəzedici komandaya göndərdiyi futbolçu: Mən elə söz deməmişəm

“Orada yazılan məlumat həqiqəti əks etdirmir”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in braziliyalı futbolçusu Flavio Bek deyib.

Bəzi KİV-də “İnter”in futbolçusu Flavio Bek Juniorun komandada oynamamasına dair dediyi sözlər təhrif olunaraq oxuculara təqdim edilib. Qış fasiləsindən sonra ancaq əvəzedici komandada çıxış edən Flavio klubunun rəsmi saytına verdiyi açıqlamasında öz meneceri ilə “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze arasında hər hansı bir problemin olmadığını bildirib.

27 yaşlı futbolçu sosial şəbəkə vasitəsi ilə ona ünvanlamış suallara cavabında sözlərinin doğru anlaşılmadığını vurğulayıb: “Demək istərdim ki, bir neçə ay əvvəl mənə sosial şəbəkələrin birində bir jurnalist tərəfindən bir neçə sual ünvalanıb. Baş məşqçimiz və menecer haqda da sual var idi. Həmin jurnalist mənim cavabımı doğru şəkildə oxuculara təqdim etməyib. Mən elə bir söz deməmişəm. Ümumiyyətlə, bu söhbətdən sonra 4-5 ay vaxt keçib və mənə maraqlıdır ki, niyə mənim sözlərim təhrif olunaraq məhz indi oxucuların diqqətinə təqdim edilib?”

Qeyd edək ki, yayda Monteneqronun “Buduçnost” klubundan “İnter”ə keçən Flavio Bek cari mövsüm çempionatda 4, Avroliqada isə 1 oyun keçirib.