“Aberdin” millimizin futbolçusu ilə bağlı qərarını verdi
02.05.2014 - 13:49
“Aberdin” millimizin futbolçusu ilə bağlı qərarını verdi

Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın futbolçusu Cem Fələk karyerasını Böyük Britaniyada davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, Şotlandiyanın “Aberdin” klubunda baxışda olan hücumameylli yarımmüdafiəçi özü haqda müsbət fikir formalaşdırıb.

Böyük Britaniya mətbuatı klub rəhbərliyinin Cemi bəyəndiyini, ona müqavilə təklif etməyi götür-qoy etdiyini düşünür. Onların belə düşünməsinə “Aberdin” rəhbərliyinin futbolçumuzla bağlı qərarı əsas verib.

Belə ki, Premyer Liqa təmsilçisi baxışda olanlarla bağlı ilk qərarını açıqlayıb. Bunu klubun əsas komandasının baş məşqçisi Derek Makinnes edib.

O bildirib ki, baxış müddəti başa çatan Cemin düşərgədə qalacağı müddət uzadılıb. Milliləşən Almaniya türkünün saxlanılmasında məqsəd onunla bağlı yekun qərarın verilməsi üçün zamana olan ehtiyacdır.

Qeyd edək ki, Fələk “Aberdin”lə müqavilə imzalasa, klubun U-20 komandasında çıxış edəcək.