2013/14 mövsümünü boşa verən “Xəzər Lənkəran” heyətdə təmizləmə işlərinə hazırlaşır. Apasport.az saytının məlumatına görə, baş məşqçi postunda Mustafa Dənizlini Mirça Redniklə əvəzləməyə yaxın olan cənublular 5 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
“Qara siyahı”da olanlardan dördü müqaviləsi mövsümün sonunda başa çatan legionerlərdir.
2013-cü ilin yayında 1 illik müqavilə imzalanan makedoniyalı Nikola Qliqorovla anlaşmanın uzadılmamağına qərar veriləcək. Böyük ehtimalla, braziliyalı Deyvid Sakkoni də eyni aqibətlə üzləşəcək. Qış fasiləsindən sonra Deyvidin cəmi 4, Nikolanın 8 çempionat oyununda iştirakı onların komanda üçün vacib sima olmadığını göstərir. 2013-cü ilin əvvəlində il yarımlıq anlaşmaya imza atan ispaniyalı Alvaro Silva son 14 turda daha çox – 11 matça çıxsa da, onun göndəriləcəyi öncədən də bəlli idi.
2012-ci ilin yayından yeni - 2 illik müqavilə üzrə çıxışını davam etdirən Adrian Pit isə anlaşması başa çatdığından vətəninə yollanacaq. Dənizlinin güvənməyib, son 14 turda 1 dəfə, onda da 18 dəqiqə güvəndiyi legioner də “qara siyahı”da yer alıb. Rednikin qayıdışı da məhz onun istəyi ilə 2011-ci ilin yanvarında transfer olunan yarımmüdafiəçini komandada saxlamayacaq.
Ötən yayın transferlərindən olan mərakeşli Zohair Benouahi ilə müqavilə isə pozulacaq. Onunla 2 illik müqavilə bağlanılsa da, azarkeşlərin “Katastrof” ləqəbi verdiyi afrikalı ümidləri doğrulda bilmir. Hələ də qol hesabını aça bilməyən yarımmüdafiəçi qış fasiləsindən sonra cəmi 9 matçda meydana çıxıb və 505 dəqiqə meydanda olub.