“Araz”la oyunumuz çox gərgin və çox emosional alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Barselona” klubunun futzalçısı Aykardo deyib.
UEFA kubokunun “Araz”la yarımfinal matçında dubla imza atan ispaniyalı görüş haqda fikirlərini açıqlayıb: “Çox şadam ki, penaltilər seriyasında olsa da, qalib gəldik. Biz ötən il yarımfinalda uduzmağımızın günahını yuduq. Qarşıda bizi daha bir çətin – “Dinamo” ilə final matçı gözləyir. Barselonaya titulla qayıtmaq üçün hər şey edəcəyik. “Araz” məni heç təəccübləndirmədi. Biz onların matçlarının videosuna baxmışdıq, hər şeyi bilirdik. Azərbaycan çempionu Kristian Çujeç kimi oyunçunu transfer edib. Bundan başqa, Felipe kimi topa nəzarət etməyi bacaran futzalçı da rəqibin heyətində idi. “Araz”ın erkən qolu bizi şoka salmışdı. Matçın sonlarında rəqibimizin hesabı 3:3 etməsi də bizi ruhdan salmadı. İki qol vurmağım da sevindiricidir. Həm də belə güclü komanda üzərində qələbə qazandığımız matçda”.
Qeyd edək ki, “Araz” – “Barselona” qarşılaşması 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə ispaniyalılar güclü olub – 4:2.