La Liqanın cari mövsümündə də medallar uğrunda mübarizə aparan “Atletiko” yayda heyətinə yeni futbolçular qatmağı planlaşdırır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi iki türkiyəli oyunçu ilə yaxından maraqlanır.
Bunlar “Beşiktaş”ın yarımmüdafiəçisi Gökhan Törə və “Bursaspor”un formasını geyinən Ozan Tufandı. Həmkarlarımız Törə ilə müqayisədə 20 yaşlı Tufanın “Atletiko”ya keçmək ehtimalının daha çox olduğunu bildirib.
“Atletiko” rəhbərliyi Ozanı yayda komandadan ayrılacağı gözlənilən Mario Suarezin əvəzinə transfer etməyi planlaşdırır. Bu keçid baş tutsa, Tufan Arda Turandan sonra “Atletiko”da çıxış edən ikinci türkiyəli oyunçu olacaq.
Qeyd edək ki, bu yaxınlarda “Bursaspor”la müqaviləsini 2018-ci ilə qədər uzadan Tufan Türkiyə yığmasında 6 oyunda 1 qol vurub.