“Atletiko” Navası ala bilmədi
03.07.2014 - 00:44
“Atletiko” Navası ala bilmədi

 

“Levante” klubu Kosta-Rika yığmasının qapıçısı Keylor Navası “Atletiko Madrid”ə satmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, İspaniya çempionu Navasın əvəzində 6 milyon avro və hücumçu Leo Baptistaonu təklif edib.

 

Amma bu təklif “Levante”ni qane etməyib. Klubun prezidenti Kiko Katalana 6 milyon avro və Leo Baptistaonun 10 milyon avro etmədiyini vurğulayıb: “Keylorun müqaviləsində 10 milyon avroya satıla biləcəyi yazılıb. Amma o, bundan da qiymətlidir”.

 

“Atletiko” rəhbərliyi Navası almaqla gələn mövsümdən böyük ehtimalla “Çelsi”yə qayıdacağı güman edilən Tibo Kurtuaya əvəz tapmağa çalışır. Kosta-Rikanın heyətində dünya çempionatında çox gözəl oyun nümayiş etdirən 27 yaşlı Navas isə gələcəyi barədə danışmaq istəmir: “Hazırda mənim üçün ən əsası dünya çempionatıdır. Başqa şeylər barəsində sonra düşünəcəyəm. İndi isə turnirdən həzz almağa çalışıram”.