“Atletiko”dan təkzib: Kosta ilə bağlı təklif almamışıq
06.05.2014 - 01:18
“Atletiko”dan təkzib: Kosta ilə bağlı təklif almamışıq

“Atletiko Madrid” klubunun prezidenti Enrike Sereso Dieqo Kostanın “Çelsi” ilə müqavilə bağladığı barədə xəbəri təkzib edib. Apasport.az saytının məlumatına görə, Sereso hücumçuya maraq olduğunu, amma hələ heç bir komandanın təkliflə müraciət etmədiyini bildirib.

 

Qeyd edək ki, ötən həftə Kosta və “Çelsi”nin artıq razılığa gəldiyi və hətta transfer qiymətinin belə razılaşdırıldığı barədə məlumat yayılmışdı. “Atletiko” prezidenti isə hazırda transfer barədə danışmaq vaxtı olmadığını vurğulayıb: “Bizi qarşıda üç vacib oyun gözləyir. Kostanı komandaya uşaq olanda – 18 yaşında gətirmişik. Kim fikirləşərdi ki, ona belə tələbat olacaq. “Çelsi”nin marağı? Biz mövsümün sonu barədə düşünməyə üstünlük veririk. Komandada vəziyyəti gərginləşdirmək istəmirəm. Onu deyə bilərəm ki, hazırda “Çelsi”dən təklif almamışıq. Ümumiyyətlə Kosta barədə təklif gəlməyib. Heç bir klubdan. Digər futbolçularımızla da bağlı təklif yoxdur”.