[b]“Azərbaycan millisi zəif nöqtələrimizdən yararlandı”[/b]
18.11.2015 - 09:25
[b]“Azərbaycan millisi zəif nöqtələrimizdən yararlandı”[/b]

“İndi bu məğlubiyyətin səbəblərindən hansınısa demək çətindi. Oyunun əvvəlində bir neçə aşkar qol imkanımız oldu ki, onlardan istifadə etməli, hesabda önə keçməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Dmitri Xomuxa deyib.

 

AVRO-2017-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə seçmə oyununda 0:3 hesabı ilə uduzan şimallıların çalışdırıcısı yenilginin səbəblərini açıqlayıb: “Təəssüf ki, bunu bacarmadıq. Sonra isə rəqib bizim zəif nöqtələrimizdən yararlandı. Növbəti dəfə standart vəziyyətdən ötürmə zamanı yaxşı oynamayıb, qol buraxdıq. Bundan sonra komandamızın mənəvi ruhu düşündüyümüz qədər də möhkəm olmadı. İkinci qolu buraxandan sonra isə oyunda dönüş yaratmaq üçün heç nə edə bilmədik”.

 

Xomuxa karyerasının ən ağır məğlubiyyətinə üzüldüyünü də bildirib: “Bu, məşqçilik karyeramda ən böyükhesablı məğlubiyyətdi. Amma bu da mənə düşünmək üçün çox əsas verdi. U-21-ə yüksələn gənc futbolçularımız demək olar ki, rəqabətə davamlılığını itirir. Bunun səbəbi əksər futbolçularda yüksək səviyyədə oyun praktikasının olmaması ilə bağlıdı. Avstriya və Almaniya gənclər yığmalarının oyunçuları sadəcə klublarının start heyətlərində oynamır, hətta aparıcı futbolçulardandı. Özü də bu klublar ciddi səviyyəyə malik komandalardı və bəziləri Çempionlar Liqasının daimi iştirakçılarıdı. Onların futbolçularının inkişafı bizimkilərinkindən xeyli yüksəkdi”.

 

Baş məşqçi narazı qaldığı futbolçuların yerinə namizəd axtarmaq fikrində olduğunu da gizlətməyib: “Turnir cədvəlini real dəyərləndirmək lazımdi. Seçmə mərhələnin startında 3 məğlubiyyət nəzəri şanslarımızı çox aşağı salıb. Düşünürəm ki, bundan düzgün nəticə çıxaracağıq və istənilən rəqibə bizə qalib gəlmək asan olmayacaq. Var qüvvəmizlə mübarizə aparacağıq. Bu məğlubiyyətlərdən sonra yığmaya namizəd axtarışında fəallaşacağıq. Daim yeni oyunçular axtarıb, komandada rəqabəti artırmalıyıq”.