Fevralın 23-də keçiriləcək Avro-2016-nın seçmə mərhələsinin püşkatması ərəfəsində bütün iştirakçılar özləri üçün münasib və uğursuz variantları müzakirə edirlər. Apasport.az saytının məlumatına görə, həmyerlilərini Azərbaycanla eyni qrupda görmək istəyən Şotlandiya millisinin sabiq hücumçusu Kevin Qallaherin fikirləri Böyük Britaniyada müzakirələrə səbəb olub.
Futbol veteranının Bosniya və Herseqovina, Macarıstan, İsrail, Azərbaycan, Cəbəllütariq yığmalarında ibarət qrup xəyalında olmasına ölkənin tanınmış futbol yazarı Kreyq Suen də biganə qalmayıb.
Jurnalist bu qrupdakı rəqiblərin hamısını dəyərləndirib və millimiz haqda fikirlərini bildirib: “Hətta 5-ci səbətin bizim üçün ən münasib komandası olan Azərbaycanla eyni qrupda yer almağımız da xoşbəxtlik vəd etmir. “Seltik”lə Qazaxıstan səfərində iştirak etmişəm. Bu üzdən belə uzaq bölgəyə getməyin nə demək olduğunu bilirəm. Yaxşı nəticə qazanmaq üçün belə ölkələrə getmək məsləhət deyil. Yorucu yol, üzücü səfər heç də sevindirici deyil. Amma Bakı gözəl şəhərdir. Həm də ki, ötən seçmə mərhələdə sonuncu səbətdən dünyanın ən bahalı futbolçusu Qaret Beylin komandası ilə düşmüşdük. Bu dəfə isə ən zəif iki səbətdə belə rəqib yoxdur”.
Qeyd edək ki, Fransanın Nitsa şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.