“Avrasiya” beynəlxalq turniri mənim üçün ilk belə sınaq idi. Çox şadam ki, burda keçirdiyim oyunlarda qol buraxmadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Rusiya millisinin qapıçısı Diana Ponomaryova deyib.
Gənc futbolçu Novosibirskdə keçirilən Avrasiya beynəlxalq turnirinin son turunun Azərbaycanla oyunu haqda fikirlərini açıqlayıb: “Deyə bilmərəm ki, işim də çox idi. Lakin rəqiblər layiqli komandalar idi. Rəqiblərin qol imkanları da var idi. Azərbaycanla oyun öncəsi ciddi həyəcan var idi. Həlledici matç ərəfəsində hərarətim qalxmışdı və oynamağım sual altında idi. Lakin sonra özümə gəldim və oynamağı bacardım”.
Qeyd edək ki, Rusiya millisi yığmamızı 2:0 hesabı ilə məğlub edib və bunun sayəsində turnirin qalibi adını qazanıb.