“Bakcell Arena” kriminallaşır: Qalmaqalların xronologiyası
01.08.2014 - 14:06
“Bakcell Arena” kriminallaşır: Qalmaqalların xronologiyası

Avroliqanın III təsnifat mərhələsində “Bakcell Arena”da Gürcüstanın “Çixura” klubunu qəbul edən “Neftçi” qələbə qazana bilmədi. Apasport.az xəbər verir ki, maraqsız keçən və 0:0 hesablı nəticə ilə başa çatan oyunda əsas diqqət çəkən məqam yaranan qalmaqal idi.

 

Arenaya gələn qonaq fanatların pankartda Qax və Zaqatala rayonlarının Gürcüstan ərazisi kimi göstərilməsi azarkeşlər arasında qarşıdurmaya səbəb oldu.

 

Ümumiyyətlə, bu, “Bakcell Arena” yaşanan ilk qalmaqal deyil. Artıq neçənci dəfədi bu stadionda insident yaşanır. Daxili çempionatda dəfələrlə bu halın şahidi olmuşuq. Artıq Avroliqa oyunda da stadionda qalmaqal yaşandı.

 

“Bakcell Arena”da 2013-cü ilin aprelin 6-da, Topaz Premyer Liqasının XXV turunda “Neftçi” və “Qarabağ” arasında keçirilən oyundan sonra da qalmaqal yaşanmışdı. Meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev qapılarına təyin olunan penaltiyə görə matçın baş hakimi Rəhim Həsənova hücum çəkmişdi. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında isə Hacıyev AFFA və PFL rəhbərliyini kəskin tənqid etmişdi.

 

Həmin məkanda daha bir qalmaqal isə ötən mövsüm “Neftçi”nin “Xəzər Lənkəran”la oyununda baş verib. Ölkə çempionatının XII turunda baş tutan “Böyük oyun”dan qabaq azarkeşlərlə polis arasında qalmaqal yaşanmışdı. Nəticədə isə “ağ-qaralar”ın 7 fanatı həbs olunmuşdu.

 

 

2013/2014 mövsümünün XXXI turunda “Bakcell Arena”da keçirilən “Neftçi” – “Sumqayıt” oyununda da xoşagəlməz hal yaşandı. Belə ki, matçın başlamasına bir neçə dəqiqə qalmış Post Patrul Xidmətinin əməkdaşları xidməti avtomobillə arenaya daxil olmağa çalışıblar. Amma mühafizəçilər buna imkan verməyiblər. Bildirilib ki, stadiona cəmi 2 xidməti avtomobil buraxıla bilər. Bundan narazı qalan asayiş keşikçiləri mühafizəçinin otağa daxil olublar və burada qalmaqal düşüb. Vəziyyət hətta o həddə çatıb ki, otaqda olan digər mühafizəçilər polisləri sakitləşdirməkdə, onları ayırmaqda çətinlik çəkib.

 

“Simurq” da “Bakcell Arena”da xoşagəlməz halla üz-üzə qalıb. Topaz Premyer Liqasının 2012/2013-cü il mövsümündə Azərbaycan kubokunun 1/4 final mərhələsində paytaxt klubu doğma meydanda zaqatalalıları qəbul edirdi. Matç Flavinyonun 120-ci dəqiqədə vurduğu qolla meydan sahiblərinin qələbəsi ilə başa çatır. Bu məğlubiyyət “Simurq”un bəzi futbolçularına pis təsir edib. Zaqatala klubunun üzvləri acıqlarını “Bakcell Arena”dan “çıxır”lar. Belə ki, oyun bitən kimi paltardəyişmə otağına yollanan “Simurq”un bəzi futbolçuları və ehtiyat oyunçular skamyasında əyləşən nümayəndələri yolüstü zibil qutularını dağıdıblar. Daha sonra isə zaqatalalılar paltardəyişmə otağının qapısını sındırıblar.

 

Ötən mövsüm ölkə kubokunu yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rəvan" (1:1) oyunun sonları qalmaqala səhnə olub. Qarşılaşmadan sonra qonaq komandanın futbolçuları ilə meydan sahiblərinin fanatları arasında gərginlik yaşanıb.  Meydan sahibi komandanın azarkeşlərinin təhqiredici ifadələrinə əsəbiləşən rəqib futbolçular buna cavab veriblər. Nəticədə tərəflər arasında qalmaqal yaşanıb. Asayiş keşikçilərinin müdaxiləsindən sonra ara sakitləşib.

 

 

Topaz Premyer Liqasının 2013/2014 mövsümünün XXVIII turunun "Neftçi" - "Xəzər Lənkəran" matçında qalmaqal düşüb. Əzəli rəqiblərin “Bakcell Arena”da keçirilən oyununda meydan sahiblərinin azarkeşləri ilə polis əməkdaşları arasında gərginlik yaranıb. Oyun zamanı partlayıcı maddələrdən istifadə etdikləri üçün 4 azarkeş saxlanılıb.

 

“Bakcell Arena”nın qalmaqal sindromu “Bakı” klubundan da yan keçməyib. Ötən mövsüm ölkə çempionatının XIII turunda baş tutan "Neftçi" - "Bakı" matçının gedişində Kamran Ağayevlə meydan sahiblərinin azarkeşləri arasında söz atışması olub. Vəziyyətin pisləşdiyini görən “ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanov məsələyə qarışıb, aranı sakitləşdirmişdi.

 

Bu komandalar arasında ötən mövsüm daha bir anlaşılmazlıq yaranmışdı. Premyer Liqanın XXIX turunda "Neftçi"nin meydanında keçirilən və “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda meydan sahiblərinin azarkeşləri ilə polislər arasında gərginlik yaşanmışdı. Daha sonra polis əməkdaşları "Neftçi" azarkeşini bölməyə aparmışdı.

 

“Bakcell Arena”da daha bir qalmaqal isə ötən mövsümün XXXIII turunda “Neftçi” və “Qəbələ” azarkeşləri arasında baş vermişdi. Matçın fasiləsində tərəflər arasında düşən davada bir neçə azarkeş xəsarət almışdı.

 

“Neftçi”nin Avroliqanın II mərhələsində üz-üzə gəldiyi Sloveniyanın “Koper” klubu ilə ev oyunundan sonra da qalmaqala şahidlik etdik. Matçdan sonra keçirilən mətbuat konfransında bakılıların baş məşqçisi Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkib.

Belə ki, "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergünün Böyükağa Hacıyevə ardıcıl suallar verməsi "Neftçi" tərəfini qəzəbləndirib. Jurnalistin "Skenderbeu" gəlir "Neftçi"ni çiləyir, "Koper" gəlir "Neftçi"ni çiləyir" deməsi qalmaqalın yaranmasına səbəb olub. 

Bundan sonra əsəbiləşən Böyükağa Hacıyev ayağa qalxıb. Ardınca isə Hacıyevin oğlu Yusif Rəşad Ergünə yaxınlaşaraq, ona fiziki təsir göstərmək istəmişdi.