“Bakı”nın derbidə oynamayacaq futbolçularının sayı artmaqdadır
05.04.2014 - 14:06
“Bakı”nın derbidə oynamayacaq futbolçularının sayı artmaqdadır

Sabah “Bakı” Topaz Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu gün “zolaqlılar” oyunöncəsi son məşqini keçirib.

Saat 11:20-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Növbəti tapşırıqda isə futbolçular 2 qrupa bölünərək topla əyləncəli qaçdı-tutdu oynayıb. Ardınca “kvadrat”a da yer verilib. Düzülmüş 5 maneə üzrə sürətli qaçış yarışından sonra ikitərəfli oyun da baş tutub. Rəmzi olaraq “narıncılar” və “göylər”in mübarizəsində birincilər (1:0) üstün olub.

Onu da vurğulayaq ki, zədəsini müalicə etdirən Rauf Əliyev, Elvin Məmmədov və Namiq Ələsgərov məşqdə iştirak etməyib. Bundan başqa, cəzalı olan Vüqar Mustafayev və Etto da cəzalı olduğu üçün oynamayacaq. Əvəzində zədəsini tam sağaldan Əfran İsmayılov kollektiv məşqlərə qoşulub.

Qeyd edək ki, sözügedən paytaxt derbisi sabah saat 15:30-da başlayacaq. Qarşılaşmanl FİFA referisi Əliyar Ağayev idarə edəcək.