“Bakıya dəvət almağıma çox sevinirəm”
21.04.2014 - 17:42
“Bakıya dəvət almağıma çox sevinirəm”

Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”na təyinat almış portuqaliyalı hakim Eduardo Koelyo qitə futbol qurumundan aldığı dəvəti sevinclə qarşılayıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı ədalət təmsilçisi həlledici mərhələnin oyunlarını idarə edəcək 4 hakim arasında olmasına münasibət bildirib.

Koelyo Portuqaliya Futbol Federasiyasının saytına açıqlamasında sevincini gizlətməyib: “Bakıda keçiriləcək “Dördlər finalı”nda iştirak etmək mənim üçün böyük şərəfdir. Sevinirəm ki, belə nüfuzlu yarışa dəvət almışam və burada Portuqaliyanı təmsil edəcəm. Ölkəmizin hakimliyini yüksək səviyyədə təmsil etməyə çalışacam”.

Qeyd edək ki, “Dördlər finalı”nda “Araz” (Azərbaycan), “Barselona” (İspaniya), “Dinamo” (Moskva, Rusiya) və “Kayrat” (Qazaxıstan) klubları mübarizə aparacaq.