“Barselona” 16 yaşlı ukraynalı futbolçu Vladimir Baqmeti transfer edib. Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi onunla müqavilə imzalayıb.
Uşaq evində böyüyən Baqmet İspaniyada bir neçə komandanın aşağı yaş qruplarında çıxış edib. O, Donetsk “Şaxtyor”unun və Kiyev “Dinamo”sunun düşərgəsində olsa da, bu komandalara keçidi baş tutmayıb. Lakin “Barselona”nın skautları tərəfindən bəyənilən futbolçu ilə katalonlar maraqlanıb və onu heyətinə cəlb ediblər.
Futbolçu “Barsa”nın 19 yaşlılardan ibarət komandasında oynayacaq. Hətta onun milliləşdirilib İspaniya yığmasının U-19 komandasında oynaması da gündəmdədir. Baqmet bununla bağlı Ukrayna mətbuatına açıqlama da verib: “Mənim Kataloniyada ögey valideynlərim var. Onlar mənə əsl ailə olublar. Viktor Buyra- Saurin və Rakel Riv mənə hər zaman kömək göstəriblər. Biz Tamerite qəsəbəsində yaşayırıq və Barselona şəhəri ilə aramızda 50 km məsafə var. Mənim atalığım “Barselona”nın uşaq yaş qruplarında oynayıb. O, Xose Qvardiola ilə bir komandada top qovub. Hazırda fermerdir, futbolla məşğul olmur. Amma futbola böyük həvəsi var. Məni ispan futbolunda böyük klublarda görmək istəyir”.