Bu mövsüm bir çox oyunlarda ehtiyat oyunçular skamyasında oturan Sesk Fabreqas və “Barselona”nın yolları ayrılır. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun rəhbərliyi Fabreqası satmaq qərarına gəlib.
“Barselona” klubu müqaviləsinin bitməsinə 2 il qalan Fabreqas üçün onlara gələcək təklifləri nəzərdən keçirməyə hazırlaşır. Hələ 16 yaşında ikən “Barsa”nın aşağı yaş qrupundakı klubdan ayrılaraq “Arsenal”a keçən Fabreqas İngiltərədə böyük uğura imza atmışdı. Kataloniya klubu keçmiş oyunçusunu geri qaytarmaq üçün iki mövsüm çalışmış və bunun üçün xeyli pul xərcləmişdi. Amma onun hazırkı forması klub rəhbərliyini qane etmir.
Bəzi məlumatlara görə, Fabreqas mövsümün sonunda yenidən İngiltərəyə dönəcək. Ona həm keçmiş klubu “Arsenal”ın, həm də “Mançester Yunayted”in təklif göndərəcəyi iddia olunur. Kataloniya klubuna yaxın mənbələr bildirirlər ki, London klubu Fabreqasın müqaviləsində nəzərdə tutulan 29 milyon avronu ödəyərək, onu geri almağa çalışacaq.