Səfərdə “Qranada”ya uduzan “Barselona”nın azarkeşləri üsyan qaldırıblar. Apasport.az saytının məlumatına görə, azarkeşlər bəzi futbolçulara “komandadan get” çağırışı da ediblər.
Çempionlar Liqasında “Atletiko Madrid”ə uduzaraq turniri tərk edəndən sonra İspaniya La Liqasında da “Qranada”ya məğlub olaraq çempionluq yarışında ciddi geriləyən “Barselona” uzun illərdən sonra ilk dəfə azarkeşlərinin təzyiqi ilə üzləşib. “Nou Kamp”a qayıdan komandanı böyük azarkeş ordusu qarşılayıb. Azarkeşlər klub rəhbərliyi və komandanın kapitanı ilə görüşmək istədiklərini bildiriblər. Bəzi tərəfdarlar isə söyüş söyməkdən belə çəkinməyiblər.
Braziliyalı Neymar irqçi şüarlarla qarşılanıb. Ən böyük təpki isə komandanın qapıçısı Pintoya ünvanlanıb. Azarkeşlər ondan “Barselona”nı tərk etməsini tələb ediblər.