İspaniya kubokunda “Real”a məğlub olaraq kuboku əldən verən, Çempionlar Liqasından kənarlaşan və ölkə çempionatında vəziyyəti ürəkaçan olmayan “Barselona”dan qopmalar başlayıb. Apasport.az saytının məlumatına görə, qapıçı Manuel Pinto komanda yoldaşlarına “Barselona”dan ayrıldığını bildirib.
Pinto 2007-ci ildə “Barselona” klubuna gəlib və uzun müddət ehtiyat oyunçular skamyasında oturub. Son vaxtlar Viktor Valdesin yerinə əsas qapıçı kimi forma geyən futbolçunun bu mövsümün sonunda klubla müqaviləsi başa çatır. Amma topa çıxışlarda inamsız oynayan və buna görə də daima tənqidə məruz qalan Pinto azarkeşlərin də təpkisi ilə üzləşib. “Hetafe”yə uduzandan sonra azarkeşlər ondan komandanı tərk etməyi tələb etmişdilər. Son məlumatlara görə, tənqidlərə dözməyən qapıçı “Barselona” ilə müqaviləni uzatmamaq qərarına gəlib.