“Barselona” futbol komandasının əsas qapıçısı Viktor Valdes uzun müddətə sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, Valdes dünya çempionatını da buraxacaq.
Qapıçı İspaniya çempionatının 30-cu turunda “Sevilya”ya qarşı oyunda sağ dizinin qabaq xaçvari bağlarının qırılması zədəsi alıb. Onun dizində ən yaxın günlərdə əməliyyat aparılacaq. Valdesin bərpasına təxminən 9 ay vaxt tələb olunur.
Valdes oyunun birinci hissəsinin ortalarında zədə alıb. Qapıçı topu havada tutarkən sağ ayağı üzərinə düşüb və zədələnib. Zədə o qədər ağır olub ki, o, meydanı özbaşına tərk edə bilməyib.
Viktor Valdes “Barselona” futbol klubunun yetirməsidir. O, əsas heyətdə 2002-ci ildən çıxış edir. Bu mövsümün sonunda onun komandanı tərk edəcəyi gözlənilirdi. Valdes İspaniya millisinin heyətində 2010-cu ilin dünya çempionatında və 2012-ci il Avropa çempionatında qalib gəlib.