İspaniya polisi “Barselona”nın futbolçusu Dani Alvesə banan atan azarkeşi həbs edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı David Kampayo Leo əsas qaydalar və ictimai azadlıqlara qarşı cinayətdə ittiham olunur.
26 yaşlı azarkeşə hansı cəza veriləcəyi bildirilmir. Bundan əvvəl “Vilyarreal” futbol klubu Alvesə banan atan Davidi komandanın oyunlarını meydanda izləməyi ömürlük qadağan edib.
İnsident aprelin 27-də “Vilyarreal”ın “Madriqal” stadionunda baş verib. Alves künc zərbəsini yerinə yetirməyə hazırlaşarkən, Devid Kampayo Leonun atdığı banan onun yanında yerə düşüb. Özünü itirməyən Alves bananı qaldırıb, təmizləyib və yeyib.
Bundan sonra bütün dünyada irqçilik əleyhinə kampaniya başlayıb. Alveslə həmrəy olduğunu göstərən bir çox məşhur idmançılar, eləcə də digər sahədə çalışanlar və sadə insanlar banan yedikləri yerdə şəkil çəkdirərək internetdə yerləşdiriblər.